• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 17.11.2023 10:41

Gənc elektrik qaz qaynaqçısı

Hər bir gənc peşə seçimi edərkən bəzən tərəddüd arasında qalır. Əgər ailədən, yaxud da ətrafdan bununla bağlı məsləhət verməsələr, istiqamət göstərməsələr, bu problemin həll olunması o qədər də asan görünmür. Hərdən gənclər ailə üzvlərinin ixtisaslarından ilhamlanaraq özlərini o sahələrdə sınayırlar. Bu dəfə də xüsusən, oğlanlar üçün maraqlı olan elektrik qaz qaynaqçısı peşəsi haqqında öyrənməyə gəldik. Gəlin əvvəlcə soruşaq ki, qəhrəmanımızın bu sahəyə həvəsi necə yarandı?

Ələsgərov Yusif- elektrik qaz qaynaqçısı: “Bu sahəyə marağım, dayımdan mənə keçib. Sadəcə, o vaxt uşaq idim, yaşım çatmırdı, çox maraqlana bilmirdim. Amma böyüdükdən sonra qərar verdim ki, elə bu sahənin əvvəlcə təhsilini alım”.

Hər sahəni öyrəndikcə onun asan və çətin tərəfləri ilə qarşılaşırıq. Ancaq həmin iş sevə-sevə görəcəyimiz bir peşədirsə, yorulduğumuzu heç vaxt hiss etmərik. Elə-belə demirlər ki, “işləməyən dişləməz”. Ona görə də, işimizlə bağlı olan hər bir şeyə diqqətlə yanaşaraq, xırda səhvlərə belə yer verməməliyik. Diqqətlə öyrənib, diqqətlə tətbiq edərək uğur qazana bilərik. Gəlin, bununla bağlı müsahibimizin də fikirlərini öyrənək.

Ələsgərov Yusif- elektrik qaz qaynaqçısı: “Əvvəlcə işə başlayanda iş geyimlərimizi geyinirik. Daha sonra elektron tutacaq başlığı elektot keçirərək, masanı qoşub hər hansı bir detalı əridib, bir-birinə qaynaq etmək lazımdır. Bunu edərkən də tələsmək lazım deyil. Səbrlə doğru-düzgün qaynaq etmək lazımdır”.

Bəzən aldığımız məsləhət və tövsiyələrdən yola çıxaraq nəsə əldə etməyə çalışırıq. Öyrəndiyimiz hər hansı bir sahə bizim üçün ən yaxşı təcrübədir. Bütün qazandığımız təcrübələr isə yeni uğur qapısının açarı ola bilər. Sonda bir gənc olaraq, öz təcrübələrinizdən yola çıxaraq gənclərə peşə seçimi ilə bağlı hansı tövsiyələri verə bilərsniiz?

Ələsgərov Yusif- elektrik qaz qaynaqçısı: “Peşə seçimi edərkən gərək ki, həmin peşəyə marağımız olsun. Çünki, marağımız olan sahəni davam etdirsək, gələcəyimiz üçün daha yaxşı olar. Belə olduqda bəhrəsini də görmək mümkündür”.

İstedadlı insanlar hər yerdə sevilir və seçilir. Əlbəttə, uğursuzluq da həyatın gedişinə daxildir, ancaq nə olur- olsun, məsələni öz xeyrimizə dəyişməliyik. İstənilən halda ruhdan düşməməli, özümüzə, ən əsası da öz gücümüzə inanaraq qətiyyətlə öz istedadımızı hər kəsə göstərməli və sübut etməliyik. Gedəcəyiniz yeri bilmirsinizsə, çatacağınız ünvanın heç bir əhəmiyyəti yoxdur. Ona görə də, bir gənc olaraq  görmək istədiyimiz  işlə bağlı düşünüb, qərar qəbul edərək seçimimizin üzərində möhkəm durmağa çalışaq. 


Lalə Bağırova

 

ƏTRAFLI...