• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1832
— 16.11.2023 10:22

Valideyn sevgisi, yoxsa manipulyasiya?

Sevgi, hər dildə ən vacib və ən düşündürücü sözdür. Uşaq tərbiyəsinin təməli sevgi üzərində qurulmalıdır. Hər bir uşağın dominant sevgi dili var və bunun sayəsində o, valideyn sevgisini ən yaxşı şəkildə qavrayır. Hər kəs kiçik yaşlarından manipulyasiyaya məruz qalıb və fərqində olmayaraq manipulyasiya edib. Məsələn, azyaşlı uşaqlar öz istəklərini həyata keçirmək üçün ağlayırlar, küsürlər, hirslənirlər. Bu yolla valideyn manipulyasiya edilir və uşaqlar istəklərinə çatırlar. Valideynlər çox zaman övladlarına olan sevgini balansda saxlaya bilmir. Nəticədə ya daha az sevgidə böyüyərək eqoist ya da daha çox sevgi nəticəsində cəmiyyətdə özünü ifadə edə bilməyən, özgüvəni az bir fərd formalaşır. Qeri Çepmen sevgi dilinin beş ünsüründən bəhs edir. Fiziki təmas, hədiyyələrin alınması, keyfiyyətli vaxt, birgə fəaliyyət və dəstəkləyici sözlərdir. Odur ki, övladının sevgi dilini kəşf etmək valideynin borcudur. Əgər valideyn övladının sevgi dilini kəşf etsə, uşaq sevildiyini hiss edəcək. Sevgi dolu uşaq isə nizam-intizama tez tabe olur. Çünki uşaq sevildiyini hiss edir və bu nizam-intizamı təzyiq kimi qəbul etmir. 

Gövhər İsmayılova- tələbə: "Düşünürəm ki, sevgi, hər ailədə olmalıdır, sevgi, hər zaman hər yerdə çox önəmlidir. Lakin bəzi ailələrdə sevginin qarışığında manipulyasiya olunur. Uşaqların parlaq gələcəyi daha yaxşı şəxsiyyət olması üçün çalışırlar, amma əslində bu, gələcəkdə uşaqların bəzi duyğularını basdırmağa gətirib çıxarır. Fikirlərini tam ifadə edə bilmirlər. Düşünürəm ki, manipulyasiya olmadan sevgi olsa, nə gözəl olar".

Hər bir valideynin məqsədi, övladını cəmiyyətdə daha uğurlu, məsuliyyətli bir fərd yetişdirməkdir. Sıxışdırmaq isə uşağın və ya gəncin ona xas "azadlıq meydanı"-na daxil olmaq, həmçinin, onu manipulyasiya edərək, idarə etmək deməkdir. Bu, neqativ məqsəddir. Ona görə də, bir valideyn kimi özümüzə kənardan baxmalıyıq. Buna nail ola bilməyən zaman, valideynlər övladlarını müqayisə edərək, onun fikir və düşüncələrini diqqətə almır.

Rahimə İsmayılova- valideyn: "Övladlarımızın gələcəkdə daha yaxşı insan olması üçün onlara dəstək olub, düzgün istiqamət verməliyik. Hər zaman övladlarımla dost kimi olmuşam  və bütün valideynlərə də dost olmağı tövsiyə edərdim".

Valideynlər uşaqlıqdan bizi nəzarətdə saxlamağa çalışırlar, zaman keçdikcə bu, böyüdükdən sonra da davam etməyə başlayır. Uşaqlıdan özünü harada görürsən? Sualına cavabı tapmış olsa da, yenə də valideyn fikrləri öz hökmü ilə davam edir. Övladlarınızla  davranışınız zamanı elə xəyal edin ki, sanki ovuclarınızda bir quş tutmusunuz. Ovucunuzu bərk sıxsanız, quşu boğa bilərsiniz. Əgər quşun sizdən tamamilə ayrılmasını, uçmasını istəmirsinizsə, o zaman ovcunuzu çox da açmayın. Elə açın ki, quş özünü orada güvəndə hiss etsin. Gəlin unutmayaq ki, hər şey öz qədərində gözəldir və hər şeyin qədrini bilməliyik.

Ürfanə Əzimova

 

ƏTRAFLI...