Zaqatalada qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə profilaktiki işlər həyata keçirilib. Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədən, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülər müəyyən edilib. Yol hərəkəti təhlükəsizliyinin təmini məqsədilə reallaşan tədbirlər nəticəsində avtomobillərində konstruksiya dəyişikliyinə yol verən, sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə sükan arxasına əyləşən sürücülər aşkar olunub. Həmçinin, dövlət qeydiyyat nişanı yerində olmayan, nəqliyyat vasitələrinə kustar üsulla hazırlanan pərdələr quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtoxuliqanlıq edən intizamsız sürücülər müəyyənləşib. Onların avtomobilləri müvəqqəti duracağa yerləşdirilib və barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
- Baxış: 210