Geyimlərimizi gözəl edən nədir? Təbii ki, aksessuar. Ən çox istifadə edilən aksessuar isə çantadır. Bu gün mirvaridən gözəl və estetik çanta hazırlayan daha bir istedadlı gəncimiz - Bahar xanımı tanıyaq.
Bahar İsmayılova- dekorçu: “Artıq 2 ildir ki, bu işlə məşğulam. Bu işə 2021-ci ildə başlamışam. Mənim istedadımı ilk anam kəşf etdi və məndə bu işə böyük həvəs yaratdı. Müxtəlif növ muncuqlar aldı və mən də fərqli qolbaq, boyunbağı hazırlamağa başladım. Sosial media üzərindən əl işlərimi tanıtmağa başladım. Sonra, artıq çanta hazırlamağa başladım və internetdən hazırlanmasını öyrəndim. Zaman keçdikcə öz ideyama əsasən çantalar hazırladım. Əl işlərim hərkəsin marağını cəlb etdi”.
Bahar xanım çanta hazırlayarkən diqqət etdiyi məqamları bizimlə bölüşdü.
Bahar İsmayılova- dekorçu: “Hazırda mirvaridən çanta hazırlayıram. Çantalar hazırlanma ləvazimatına görə 2 yerə bölünür: jilka və iplə olan. Fərqləri ondan ibarətdir ki, jilka ilə hazırlanan çanta daha sərt, iplə hazırlanan çanta isə ona nisbətən elastik olur. Keyfiyyət cəhətdən heç bir fərqi yoxdur.”
Müştərilərin mənfi, eyni zamanda müsbət rəylərini bizimlə bölüşdü.
Bahar İsmayılova- dekorçu: “Müştərilərdən mənfi və müsbət rəylər alıram. Mənfi odur ki, daha çox qiymətdən narazı olurlar. Ancaq istəyərdim ki, işimizin nə qədər çətin olduğunu da nəzərə alsınlar. Müsbət olaraq da, müştərilərim işimə həqiqətən dəyər verir, bu da mənim işə olan həvəsimi artırır”.
Son olaraq Bahar xanım gələcək arzularından danışdı və gənclərə öz tövsiyəsini verməyi də unutmadı.
Bahar İsmayılova- dekorçu: “Gələcəkdə istəyərəm ki, adım Gəncədə, hətta Azərbaycanın müxtəlif bölgələrində tanınsın və bir brendə çevrilsin. Bundan əlavə isə özümə mağaza açmaq istəyirəm. Gənclərə tövsiyəm isə odur ki, heç bir mənfi rəyə qulaq asmayın. Sevdiyiniz və bacardığınız işlərin arxasınca gedin.”
“Gəncəm” vasitəsilə daha bir istedadlı gəncimizi tanıdıq. Siz də bu istedadlar içərisində ola bilərsiniz, əziz gənclər! Əsas odur ki, nəyə qadir olduğumuzun fərqinə varaq.
Fidan Qədimova
- Baxış: 365