• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1521
— 06.11.2023 15:11

Ermənistandakı Azərbaycan abidələrinin aqibəti

KepezTV Player

Ermənistanda 25 mindən çox tarixi abidə qeydə alınıb və siyahıya alınan islam abidələrinin heç biri Azərbaycan irsi kimi göstərilməyib. Bunu Mədəniyyət nazirinin müavini Səadət Yusifova “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında deyib. Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli isə Azərbaycanın Ermənistandakı mədəni irsinin qorunması üçün UNESCO ilə əməkdaşlıqdan danışıb. Onun sözlərinə görə, İcma UNESCO-nun diqqətini indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin dağıdılmasına cəlb edir. Bu il sentyabrın 5-də təşkilatdan İcmaya ikinci rəsmi cavab gəldiyi də xatırladılıb.

Səadət Yusifova- Mədəniyyət nazirinin müavini: “İndiyədək Qərbi Azərbaycanda eradan əvvəl 5, 4, 3, 2-ci minillikləri əhatə edən qayaüstü təsvirlər, gəmiqaya və Kəlbəcər qayaüstü təsvirləri ilə yaranma dövrü, icra üslubu, mövzu eyniliyi baxımdan vəhdət təşkil edir. Qərbi Azərbaycanda islam dövrü abidələri xüsusilə çox olub, bunlar məscidlər, karvansaralar, ziyarətgahlar, mədrəsələr, türbələr, məqbərələrdir. Bu abidələrin heç biri qeyd etdiyim kimi, Ermənistan respublikasının daşınmaz tarix və mədəniyyət abidələri dövlət reyestrinə daxil edilməyib”.

Əziz Ələkbərli- Qərbi Azərbaycan İcmasının sədri: “Məktubda mədəni irsin qorunması sahəsində müvafiq addımlar atılacağı bildirilib. Hazırda Qərbi Azərbaycan İcması Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması ilə bağlı imkanlarının artırılması, o cümlədən müasir metodologiya əsasında mədəni abidələrin reyestrinin aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün lazım olan addımların müəyyənləşdirilməsi üçün UNESCO ilə praktiki əməkdaşlığı davam etdirir”. 

Vüsalə Cənnətova