• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 708
— 03.11.2023 20:11

Prezident TDT-nin iclasında çıxış edib

KepezTV Player

Vətən müharibəsinin başa çatmasından sonrakı üç il ərzində Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Gələn il üçün bu məbləğin ən azı 2,4 milyard dollar olması nəzərdə tutulur. Prezident İlham Əliyev Zirvə görüşündə Böyük Qayıdış Proqramının icra olunduğunu da qeyd edib.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Biz, “Böyük Qayıdış” proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri, Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur. Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar, Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür”.

Ölkə başçısı çıxışında Azərbaycanın Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyduğunu vurğulayıb. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi isə Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun təsis olunması ilə başlayıb.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır. Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir”.

Prezident İlham Əliyev, hazırda baş verən prosseslərə, dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normalarının kobudcasına pozulduğuna da diqqət çəkib.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”.

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsinin Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edən ölkə başçısı, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verilən dəstəyə görə minnətdarlığını bildirib.

Azad Mustafayev