Goranboyun Yolğullar kəndinin bir hissəsi mavi yanacala təmin olunsa da, yeni salınan hissəsində yaşayanlar qaz sarıdan əziyyət çəkib. Bu isə istilik və məişətdə istifadə baxımından çətinliklər yaratmaqla yanaşı, maddi baxımdan da məqbul deyildir.
Sədaqət Bayramova- sakin: “Evin böyründə baxın görün, nə qədər odun var. Çox çətin idi, yaşamaq mümkün deyildi”.
Mahir Məmmədov- sakin: “Qaz olmayanda məcbur idik ağacları kəsək, bağda balaca ağac da qalmamışdı. Ordan odun daşı, əziyyət çəkirdik”.
İnnaf Şahməmmədova- sakin: “Qaza ehtiyacımız çox idi. Nə yemək bişirə biliridik, nə çay qoya bilirdik. Məhlədən ağacı qırıb gətirirdik ki, bir təhər yemək bişirə bilək. Ehtiyacımız var idi”.
“Azəriqaz” tərəfindən kəndin tam qazlaşdırılması məqsədi ilə uzunluğu 1 km olan xətt çəkilib. Tənzimləyici siyirtmələr qoyulub. 500 m uzunluğunda köhnə borular yenilənib.
Zabit Zamanov- Goranboy Xidmət sahəsinin ustası: “Bu ilin əvvəlindən bəri Goranboy şəhərində 58-59-cu yaşayış massivində 700 yeni abonentə dövlət hesabına qaz çəkilib. İllərlə məskunlaşan sakinlərin qazı yox idi, əziyyət çəkirdilər. Əhali orada işıqdan istifadə etdiyinə görə çətinlik çəkirdi. artıq 30 km boru ayırdılar və həmin xətləri çəkdik, yoxladıq və əhalini qazla təmin etdik”.
Mavi yanacağı olmayan Samux rayonu, Sarıqamış kənd sakinlərinin həyətlərində bu cür odunları görmək mümkündür. Belə ki, kənd sakinləri öz həyətlərindən məcburən meyvə ağaclarını doğrayaraq yandırırlar.
150-ə yaxın ailənin yaşadığı kənddə də sakinlər mavi yanacağın olmamasından əziyyət çəkirlər.
Mikayıl Quluyev- sakin: “İndiki evlər elədir ki, hərənin öz otağı var. Hər otağı da qızdırmaqdan ötrü odundan istifadə etmək mümkün deyil. Onda gərək yaşıllığı məhv edək”.
Rəsul Abbasov- sakin: “Odunla-ocaqla çox çətinliklə yaşayırdıq. Qaz balonunu doldururduq. Elə adam var idi ki, maşını ilə gedib doldururdu, eləsi də var idi doldura bilmirdi”.
Oktyabırın 20-dən Sarıqamış kəndində erroziyaya uğrayan qaz borularının yenilənməsi və yeni xətlərin çəkilişinə başlanılıb.
Mahir Əliyev- Samux Xidmət sahəsinin ustası: “Məhlələrdən gedən qaz xətləri çox bərbad vəziyyətdədir, qaz itkisinə yol verilir. Qaz xətlərinin təzələnməsi qaz itkisinin qarşısının alınmasıdır. Əhalinin fasiləsiz qazla təmin olunmasıdır. Qanuni şəkildə dövlət səviyyəsində sxemlər əsasında həmin yaşayış massivlərinin sxemləri verilir. Biz də o proyektlər əsasında işləyib əraziləri qazlaşdırırıq. Təzə evlər də sənədləşmə aparıb, təbii qazdan istifadə edəcəklər”.
Görülən işlər çərçivəsində il ərzində qərb bölgəsində 37 yaşayış məntəqəsinin qazlaşdırılması başa çatmalıdır.
Eldəniz Vəliyev- “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi: “Qərb bölgəsində də qazlaşmaya daxil olan yerlər var. Gəncədə 1 yaşayış massivinin qazlaşması, Samuxun Hacallı kəndinin yeni yaşayış massivinin qazlaşması, Şəmkirdə 4 yaşayış massivinin qazlaşması, Tovuzda da 4 yaşayış yerinin qazlaşması, Ağstafada 1, Qazaxda da 1 yaşayış məntəqəsinin qazlaşması həmin o 40 qazlaşacaq yaşayış məntəqələrinə daxildir”.
Qazlaşma ilə yanaşı “Azəriqaz” tərəfindən cari təmir işləri da aparılır ki, bu da itkinin qarşısını almağa və mavi yanacaqla təhlükəsiz təminata hesablanıb.
Elnur Vahidoğlu
- Baxış: 295