Yerli Olimpiya İdman Kompleksində yerləşən məşq bölməsi velosipedlə peşəkar səviyyədə məşğul olmaq istəyənlərə may ayından etibarən dəstək göstərir. Uşaq velosipedini inkişaf etdirmək üçün çalışan filialın 2 məşqçisi bu idman növünə könül verənlərə velosipedin sirlərini aşılayırlar. Məşqlər Heydər Əliyev adına Park-Kompleksində təşkil edilir. Həftənin 6 günü ayrı-ayrı qruplara gündə iki dəfə olmaqla hazırlıq keçirilir. Qeydiyyatdan keçərək məşq prosesinə qoşulan azyaşlılar federasiya tərəfindən velosiped və idman geyimləri ilə təmin olunublar.
Maksim Averin- məşqçi: “Velosiped Federasiyası bu il Gəncədə filialını açdı. Gələcəkdə bu filial yalnız Gəncəni deyil, eyni zamanda regionu da əhatə edəcək. Bunun üçün çalışacağıq. Prioritet olan yaş qrupları 10-14 arasıdır. Bu, bizim əsas seçimimizdir. İdman nazirliyi ilə daim əlaqədəyik, bizə dəstək olurlar. Eyni zamanda, Velosiped Federasiyası tərəfindən hər cür inventarlarla təmin olunmuşuq. Gələcək üçün yaxşı planlarımız var. Biz mütləq şəkildə inkişaf edəcəyik. Hər bir uşaqda potensial görürük və şübhəmiz yoxdur ki, hər il üçün nəticələrimizi daha da yaxşılaşdıracağıq”.
Filial qısa zamanda fəaliyyət göstərməsinə baxmayaraq, uğur da qazanmağı bacarıb. Artıq gəncəli pedal sahiblərindən biri qatıldığı yarışda mükafatçılar sırasına düşməyi bacarıb.
Hazırda filialda 20-yə yaxın azyaşlı velosipedlə peşəkar səviyyədə məşğul olur. Amma federasiya gələcəkdə həm idmançıların sayını artırmağı, həm də qız velosipedçiləri bu idman növünə cəlb etməyi planlaşdırır.
Orxan Cəfərzadə
- Baxış: 390