Prezidenti İlham Əliyev Füzuli şəhərində idman kompleksinin təməlini qoyub. Ümumi sahəsi 17 hektar olan kompleksin baş planına əsasən, burada 200 yerlik tamaşaçı tribunası olan basketbol, voleybol, həndbol, badminton, minifutbol məşqlərinin və yarışların, eyni zamanda, idmanın müxtəlif növləri üzrə turnirlərin keçirilməsinə imkan verən universal zal inşa ediləcək.
Prezident ikinci yaşayış kompleksinin təməlini qoyub
Prezident Füzuli şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub. İnşa olunacaq ikinci yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidən ibarətdir. Ümumilikdə 2288 nəfər üçün nəzərdə tutulan kompleks üçün 9 hektardan çox ərazi ayrılıb. İkinci yaşayış kompleksində ümumilikdə 653 mənzildən 13-ü birotaqlı, 209-u ikiotaqlı, 281-i üçotaqlı, 150-si dördotaqlı olacaq.
240 yerlik uşaq bağçasının təməli qoyulub
Prezident Füzuli şəhərində 240 yerlik uşaq bağçasının da təməlini qoyub. Bağçanın inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb. Layihəyə əsasən, uşaq bağçası üçün əsas bina, oyun zonası, avtodayanacaq və texniki zona yaradılacaq.
Prezident üçüncü yaşayış kompleksinin təməlini qoyub
Dövlətimizin başçısı Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub. Yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidə inşa olunacaq. Kompleksin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq.
İnzibati binanın təməli qoyulub
Prezident İlham Əliyev Füzuli şəhərində inzibati binanın da təməlini qoyub. İnzibati binanın inşa olunacağı şəhərin mərkəzi ərazisində 12 hektardan çox sahə ayrılıb. Burada parad meydanı, bir hektar sahədə park inşa olunacaq. Bundan başqa, digər regional qurumlar üçün də ərazi nəzərdə tutulub. Beş mərtəbədən ibarət inzibati binada ən müasir şərait yaradılacaq.
- Baxış: 241