Bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir. Dövlət başçısının rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanı istismara verildikdən sonra beynəlxalq hava limanlarının sayı 9-a çatacaq. Bunu Nazirlər Kabinetinin təşkilatçılığı ilə "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfransda çıxış edən Baş nazir Əli Əsədov deyib. Konfransda son 20 ildə ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunduğu qeyd edilib.
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açıb. Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş konfransda çıxış edən Baş nazir Əli Əsədov qeyd edib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasıdır.
Əli Əsədov- Baş nazir: “İndi artıq əminliklə demək olar ki, münaqişəyə “Dəmir yumruq”la son nöqtə qoyan iki əsirlik problemi həll etmiş prezident İlham Əliyevin Qarabağı və şərqi Zəngəzuru cənnətə çevirdiyi kimi, Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Əsgəranın da simasını dəyişəcəyi gün yaxındadır”.
2003-ci ildən bu yana hərbi xərclərin 15 dəfədən çox artırılması, ordumuzun dünyanın ən güclülər sırasında olmasını şərtləndirib. Konfransda çıxış edən Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev bildirib ki, nə Ermənistan rəhbərliyi, nə də Qarabağdakı hərbi xuntanın başçıları ehtimal belə etmirdilər ki, gün gələcək Azərbaycana cavab verməli olacaqlar. Samir Nuriyev vurğulayıb ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-2023-cü il dövrü çoxəsrlik tariximizə qızıl dövr kimi düşüb.
Samir Nuriyev- Prezident Administrasiyasının rəhbəri: “2003-cü ildə andiçmə mərasimində Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini cəmiyyətə çatdıran cənab İlham Əliyev də artıq o dövrdə həm ölkədaxili, həm geosiyasi, həm də qlobal müstəvidə mövcud trendləri aydın görür, xalqımızın gələcəyi ilə bağlı nəyi, nə vaxt və necə etməyin lazım olduğunu çox aydın bilirdi”.
Erməni terrorizminin ifşası Prezident İlham Əliyevin apardığı siyasətin əsas göstəricilərindəndir. Xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə torpaqlarımızın ya sülh, ya da hərb yolu ilə geri qaytarılması ölkə siyasətinin ən vacib xətti idi.
Ceyhun Bayramov- Xarici işlər naziri: “Hazırkı Ermənistan hökumətinin əvvəlki Ermənistan liderlərinin ritorikasından daha sərt şəkildə ölkəmizə qarşı təxribatlara yolverməsi şəraitində belə, Azərbaycan tərəfi diplomatik müstəvidə Ermənistanın avantürasına qarşı öz təbliğatını davam etdirib. Azərbaycan Ermənistanın bu təxribatlarını lazımi şəkildə cavablandıraraq, hər bir təxribat bir çox hallarda dövlət rəhbərimz başda olmaqla müvafiq səyləri ilə ifşa olunub”.
Prezident İlham Əliyevin strateji inkişaf kursunun uğuru nəticəsində Azərbaycan yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Ötən dövrdə qeyri-neft-qaz iqtisadiyyatı 4 milyard ABŞ dollarından 41 milyard ABŞ dollarınadək böyüyüb. Əlavə dəyər qeyri-neft-qaz sənayesində 4,7 dəfə, turizmdə 19 dəfəyədək, informasiya və rabitədə 23 dəfə, nəqliyyat sektorunda 5 dəfəyədək artıb. 2022-ci ildə qeyri-neft/qaz məhsullarının ixracı 2002-ci illə müqayisədə 12 dəfəyədək artaraq müstəqillik dövründə ilk dəfə 3 milyard ABŞ dollarını ötüb.
Mikayıl Cabbarov- Azərbaycanın İqtisadiyyat naziri: “Son 20 ildə regionların sosial iqtisadi inkişafına həsr olunmuş 4 dövlət proqramı qəbul olunmuş və bu proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milrd manat təşkil edir. 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13.5 dəfə böyümüş, 2004-cü ildən bəri bölgələrdə 1.5 milyondan çox yeni iş yeri və 52 mindən çox yeni müəssisə yaradılmışdır”.
Konfransda digər çıxışçılar da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərdən danışıblar. Sonda Prezident İlham Əliyevlə bağlı film nümayiş etdirilib.
Azad Mustafayev
- Baxış: 288