• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 12.10.2023 19:40

İnsanların "bahalı telefon sevgisi"

KepezTV Player

Artıq ağıllı mobil telefonlar həyatımızın bir hissəsinə çevrilib. 15-20 il bundan öncə mobil telefonlar yalnız sadə rabitə məqsədilə istifadə edilirdisə, hazırda onun funksiyaları inanılmaz dərəcədə artıb. İnsanlar qiyməti 4000 manatdan çox olan mobil telefon almaq üçün can atırlar. Bu cür yarışma Azərbaycanda da müşahidə edilməkdədir.

Bəzi mobil telefonların izdihamlı satışı artıq bir neçə gündür ki, başlayıb. Yeni smartfonları əldə etmək istəyənlər hətta gecə saatlarında belə mağazaların qarşısında növbəyə dayanırlar. Ən maraqlı məqam isə qiymətlərin fantastik olmasıdır. Çünki adətən belə izdihamlar xüsusi endirimlər zamanı yaşanır. Ancaq apardığımız sorğu zamanı insanların buna heç də birmənalı yanaşmadığı müşahidə olundu. 

Fərid Əhmədov- sakin: “Bu, şan-şöhrətdir. Telefon telefondur. Mən özüm 500 manatlıq telefon işlədirəm. Həmin telefonla da bütün işlərimi görə bilirəm. İnternetə girməkdir, saytlara daxil olmaqdır, hamısından istifadə edirəm. Sadəcə olaraq belə deyim, məndə 14 var, səndə 15-dirsə mən də sənə baxıb, gedib onu kredit də olsa alıram ki, məndə də olsun”.

Arifə Piriyeva- sakin: “Sadəcə funksiyasına baxıram, bir də yaddaşına. Qiymətin mənim üçün fərqi yoxdur. Digər gənclər heç düşünə bilmirəm ki, niyə o dərəcədə bahalı telefon istifadə edirlər. Mənə görə o pula heç dəyməz. Ailədə daha çox uşaqlar pula yönələndə sevgisizlikdən olur. Yəni sevgini görə bilməyəndə, sevgini pulda axtarırlar, yəni mənim düşüncəm bu şəkildədir”.

Samir Kərimov- sakin: “Hal-hazırda özüm bazar dəyəri ilə 450 manatlıq telefon işlədirəm. Bahalı telefonların tərəfdarı deyiləm. Məncə bir az model qiymətləri də markalar üzərinə gəlir o qiymətlərin. Məncə bu telefonlar bir müddət işlənildikdən sonra funksiyaları zəifləyir. Hal-hazırda öz telefonumun funksiyası zəiflədiyinə görə yeni telefon almışam. Sosial mediada - əsasən “İnstagram”da o qədər bahalı həyatı təbliğ edirlər ki, gənclər də ona daha çox maraq göstərir”.

Sənan Həşimli- sakin: “700 manatlıq telefon işlədirəm, bu məni olduqca qane edir. Şarj tərəfdən olsun, amper tərəfdən olsun. Bir- biri ilə bəhsə girirlər ki, məndə bu telefon var, bu marka, bu qiymətdə var, mən də gedim ondan alım. Heç bir yeni funksiya görməyəcək bunda. Halbuki, 300-400 manatlıq telefonda da eyni funksiyanı görəcək, amma gedir, daha da bahalısını alır. Məsələn, o telefonun qiyməti 2000 manatdır, mənim telefonum 500 manatlıqdırsa, deməli mən ondan aşağıyam. Halbuki eyni funksiyanı görəcək, yenə də onu götürür, ona üstünlük verir”.

Zaur Xudayar- sakin: “500-ə yaxın qiyməti olan bir telefon işlədirəm. Yəni cavanlardır da istəyirlər, qayğıları yox, fikir çəkmirlər ailə büdcəsi məlum məsələdir. Amma mənə elə gəlir ki, gərək büdcəyə uyğun hərəkət edəsən, ailəni də çətin vəziyyətə salmaq olmaz”.

Bəs bu telefonları almaq üçün saatlarla, hətta bəzən günlərlə növbəyə dayananlar kimlərdir? Psixoloq Taciyə Mehdisoyun sözlərinə görə problemin kökündə, əsasən də gənc nəslin özünə güvənsizliyi dayanır. Bəziləri bahalı telefon almaqla özlərini ya ətrafa, ya da elə özlərinə sübut etməyə çalışırlar.

Taciyə Mehdisoy- psixoloq: “Ümumilikdə insanların hansısa bir əşyanı almasında özünə verəcəyi ən vacib sual var ki, bu, mənim istəyim, mənim standartımdırmı, yoxsa başqalarının? Əslində araşdırmalar göstərir ki, aldığımız, hətta israrla aldığımız bəzi şeylər bizim standartlarımız olmur. Gənclərin bahalı telefonlara olan marağı, onları əldə etmək istəkləri özlərində olan boşluqlardan xəbər verir. Əsas da həmin gənclər özləri zəhmət çəkməyən, öz pulları ilə almayan insanlar olur. Valideynlərinə müəyyən qədər dirənc göstərirlər, onları təhsil almaqları ilə şantaj edib, hədələmiş kimi olurlar. Yəni, əgər mənə bu telefonu almasan təhsilimi dayandıracam. Bu xarakterik boşluqlardan xəbər verir. Həmin gənclər özləri zəhmət çəksələr həm maddiyatın qədrini biləcəklər, həm də eyni zamanda fərqlənən tərəflərini görüb, həyatın boş səhifələrində özlərini görməyəcəklər”.

Sosial media meneceri Hüseyn Mustafayev isə deyir ki, bu telefonların yeni modelləri ilə bir neçə nəsil əvvəlki modelləri arasında çox kiçik fərq var. Onların satışındakı izdiham isə sadəcə şirkətlərin marketinq strategiyasından irəli gəlir. 

Hüseyn Mustafayev- Sosial media meneceri: “Bir nəsil öncəki telefona baxdıqda, bu gün yeni nəsil telefon çıxıbsa, gedib onu almaq heç bir fərq etmir. Həm foto keyfiyyəti eyni olur, dəyişən heç bir şey olmur. Prosessoruna kimi eynidir. Heç bir fərq yoxdur. O, prestij məsələsidir. Yəni mənim tutalım ki, yeni nəsil telefonum var, bu il çıxdı, mən getdim builkini aldım. Ona görə sadəcə gənclərin öz prestijlərinə götürə bilərik”.

Çoxunun sadəcə sosial şəbəkələrdə daha yaxşı şəkillər paylaşmaq üçün istifadə etdiyi bahalı telefon asılılığı bəzən xəstəlik həddinə çatır. Bu “özününümayiş” arzusu isə bəzən xoşagəlməz hallara, ailədə gərginliyə, valideynlə uşaqlar arasında münaqişəyə də yol açır.

Pərvin Abbaszadə