İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycandan 749 min manat pulun xaricə qanunsuz köçürülməsinin qarşısını alıb. “Laçın” və “Sədərək” ticarət mərkəzlərinin ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə əlbir olaraq qanunsuz olaraq pul köçürülməsini təşkil edən şəxslər saxlanılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, Bakı şəhəri sakini Şəhriyar Əkbərov digərləri ilə qabaqcadan sahibkarlarla əlbir olaraq, pul vəsaitinin məbləğindən asılı olaraq 1,1-1,2 faiz qazanc müqabilində Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində müəyyən şəxslərə qanunsuz köçürmələr təşkil ediblər. Qanunsuz əməllərin törədilməsinə kuryer kimi cəlb edilmiş Ramin Soltanov və Əlzamin Abızadə vasitəsilə müxtəlif şəxslərə aid pul vəsaitlərinin toplanması təşkil olunub, həmin vəsaitlər paytaxtın Səbail rayonu ərazisindəki Biznes Mərkəzində icarəyə götürülmüş ofisdə Raman Nağıyevə verilib. Faktı üzrə Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Baxış: 221