"Ermənistan Xarici İşlər Nazirliyinin bu ölkənin Azərbaycana qarşı təcavüzü və işğalı nəticəsində suveren ərazilərimizdə yaratdığı qondarma separatçı rejimin üzvlərinin rəsmi Bakı tərəfindən həbsinə etiraz olaraq verdiyi bəyanatı qətiyyətlə pisləyirik". Bu barədə isə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanla bağlı yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, sözügedən bəyanat Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində yürütdüyü təcavüzkar siyasət və əməllərdən əl çəkmədiyini nümayiş etdirir. "Tərk-silaha razı olan minlərlə Ermənistan hərbçilərinin və qanunsuz hərbi birləşmələrin Azərbaycan tərəfindən humanist addım olaraq sərbəst buraxıldığı və heç bir maneə olmadan Ermənistana getdiyi Ermənistan XİN-nə yaxşı məlumdur və bu xüsusda Ermənistanın apardığı saxta kampaniyanın heç bir əsası yoxdur" - deyə bəyanatda qeyd olunub. Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana getmiş erməni sakinlərin öz yaşayış yerlərinə geri qayıtmasını təşviq etmək əvəzinə, onlar arasında təşviş yaratmaq və Azərbaycana qarşı irqi və etnik nifrət aşılamaq məqsədi daşıyan bu bəyanat Ermənistanın sülh səylərinə mane olan destruktiv fəaliyyətinin tərkib hissəsidir. Ermənistan Azərbaycanla sülh və normallaşma prosesində maraqlı deyil.
- Baxış: 159