• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2274
— 03.10.2023 14:55

Qarabağdakı erməni sakinlərə göndərilən humanitar yardımların həcmi açıqlanıb

KepezTV Player

Azərbaycanın mərkəzi hakimiyyət orqanları tərəfindən Qarabağ bölgəsindəki erməni sakinlərə humanitar yardımların həcmi açıqlanıb. Bu barədə Prezidentinin köməkçisi Hikmət Hacıyev paylaşım edib. Qarabağın erməni sakinlərinə 22 sentyabrda ümumi 40 tonluq çörək, ərzaq, gigiyenik məhsullardan ibarət 2 yük maşını çatdırılıb. Ertəsi gün göndərilən yardımda isə 40 ton benzin, 24 ton dizel yanacağı yer alıb. 25 sentyabrda Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki partlayışda zərər çəkən 200 nəfər üçün tibbi ləvazimatlar göndərilib. 26 sentyabrda gigiyenik məhsullar, yataq dəstləri, 50 ton dizel yanacağı, 98 ton benzin, içməli su, un göndərilib. Bundan başqa, Xankəndiyə göndərilən Fövqəladə Hallar Nazirliyinin 15 xüsusi təyinatlı yanğınsöndürmə briqadası alovu uğurla söndürüb. Sentyabrın 27-də əraziyə FHN-in 50 nəfərlik canlı qüvvə ilə 10 xüsusi təyinatlı yanğınsöndürmə maşını göndərilib. Xocalıda səhra xəstəxanası və mətbəxlərin quraşdırılmasına başlanılıb. Erməniəsilli şəxslər 32 ton qaz, peçenye, şokolad, içməli su ilə təchiz ediliblər. 29 sentyabrda Xocalıda səhra xəstəxanasının quraşdırılması işini asanlaşdırmaq üçün FHN tərəfindən 53 avtomobil və zəruri avadanlıq göndərilib. Azərbaycan xilasediciləri Xankəndi yaxınlığında baş vermiş partlayış nəticəsində 48 nəfərin cəsədini dağıntılar altından çıxarıblar. Qarabağı könüllü tərk edən erməni sakinləri Xankəndidən Laçın sərhəd-keçid məntəqəsinə aparmaq üçün 10 avtobus da göndərilib.