• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1457
— 02.10.2023 16:16

Prezident: "Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik"

KepezTV Player

"Azərbaycan 3 il bundan əvvəl ərazilərini işğaldan azad etdi, işğala son qoyuldu. Ötən ay isə bütün ölkə ərazisində suverenliyimiz tam bərpa edildi". 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edən prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub və 30 illik müstəqillik dövründə bu amillər gücləndirilib.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: "Üç il əvvəl biz əsas hədəfimizə nail olduq, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğalın, etnik təmizləmənin qurbanı olmuşuq. Bu, bizim xalqımız üçün böyük faciə idi və böyük humanitar fəlakət idi. Biz uzun illər ərzində çalışırdıq ki, münaqişəni dinc yolla həll edək və işğala dinc yolla son qoyaq. Təəssüflər olsun ki, bu münaqişəyə son qoymalı olan təşkilatlar bu istiqamətdə heç bir nəticə əldə etmədilər. BMT-nin dörd qətnaməsi Ermənistan qoşunlarının ərazimizdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin bu qətnamələr 27 il kağız üzərində qaldı. Biz şəhidlər verərək bu qətnamələrin icrasını təmin etdik. Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu, bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda – bu gün biz bunların hamısını nümayiş etdiririk". 
Azərbaycan dünyada neft hasil edən ilk ölkə olub. Ölkəmizin sosial-iqtisadi uğurlarından söz açan dövlət başçısı bildirib ki, son 20 ildə ümumi daxili məhsulumuz 4 dəfə artıb. Büdcə gəliri 30 dəfə artıb. Xarici ticarət dövriyyəsi 10 dəfə artıb. Sərmayə mühiti müsbətdir. Son 30 ildə Azərbaycana 300 mlrd ABŞ dollarından artıq sərmayə yatırılıb ki, bunun da 190 milyardı qeyri-neft sektoruna yatırılıb. Dövlət başçısı enerji təhlükəsizliyi məsələsinə də toxunub.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: "Müstəqillik dövründə Azərbaycanın dinamik inkişafı onu nümayiş etdirir ki, biz öz sərvətlərimizi düzgün istifadə etmişik. Bəzən neftlə zəngin olan ölkələr üçün neft ehtiyatı bədbəxtçilikdir, biz isə bu sərvətlərdən güclü iqtisadiyyat qurmaq üçün istifadə etmişik. Və bu gün enerji və nəqliyyat xəritələrinə baxsaq, o cümlədən də boru kəmərlərinə nəzər salsaq görərik ki, burada Azərbaycanın izi var. Biz bir sıra layihələrin təşəbbüskarı olmuşuq və onları tərəfdaşlarımızla birgə uğurla həyata keçirmişik. Bu isə təkcə bizim regionun deyil, daha geniş regionun enerji təhlükəsizliyinin təmin edilməsidir. Bu gün enerji təhlükəsziliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsinə bərabərdir. Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edir. Və Avropa İttifaqı tərəfindən PanAvropa təchizatçısı kimi dəyərləndirilir.
Avropa Avropa İnstitutları ilə əməkdaşlıq məsələsinə də toxunan dövlət başçısı deyib ki, bu əməkdaşlıq uğurla inkişaf edir. Avropa İttifaqının bir neçə üzvü ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycanın xarici siyasətimiz açıqdır, əməkdaşlığa yönəlib və daha geniş regional inkişafa xidmət edir.

Aişə Rzayeva