Bir başqa anım günü, 27 sentyabr tarixi yaşayırıq bu il. Şərəfli və tarixi qələbənin davamı olaraq Qarabağdakı düşmən əlindəki son qalalarımız da yenə şəhid qanları ilə azadlığına qovuşdu bu günlərdə. Əgər 3 il əvvəl işğala son qoyulan günün başlanğıcı oldusa bugünkü tarix, indi həm ərazimiz bütövdür, həm də həmin ərazilər üzərində suverenliyimiz var. Bunları borclu olduğumuz şəhidlər və qazilər, igid hərbçilərimiz kimi. Qarabağı bizə qaytaran Zəfər tarixinin başlanğıc günündə 44 günün iştirakçıları danışır və dəyərləndirir həmin günləri...
27 sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunsa da bu, qələbə gününün başlanğıcıdır. Bu zəfər bizə oğullarımızın şəhadəti, qaziliyi bahasına başa gəlib. Qələbəni tarixiləşdirən isə son 2 yüz il ərzində Azərbaycanın əzəli torpaqlarını qəsbkarlardan təmizləməsidir. Bu qələbəni uzun illərdir gözləyən xalqın daşan səbr kasası qarşısında tab gətirə bilməyən düşmənin məğlubiyyəti etiraf etməkdən başqa çarəsi qalmadı.
Əli Quliyev- şəhid atası: “Övladlar böyütdük, onlar bizim arzularımızı yerinə yetirdi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ali baş komandanın rəhbərliyi altında 44 gündə müzəffər ordumuz bunun öhdəsindən gəldi”.
Mübariz Əliyev- şəhid qardaşı: “Fəxr günümüzdür və fəxr edirik ki, 44 günlük müharibə bizə şərəfimizi qaytardı. Bizə ləyaqətimizi qaytardı. Bizə öz kimliyimizi qaytardı. Allah bir daha bizim xalqa kədər, acı nəsib eləməsin. Gələn günlərimiz xoş gəlsin”.
Azər Quliyev- şəhid atası: “Ali baş komandanımızın sayəsində torpaqlarımız geri qayıtdısa, onun özü böyük bir işdir. Gələn nəsillər xoş, firavan yaşasınlar”.
Azərbaycan ordusu Ali baş komandanın rəhbərliyi altında böyük hərbi dastan yazdı. O dastan ki, bundan sonra min illər keçsə belə yaddaşlardan silinməyəcək və igid oğulların göstəridiyi şücaət unudulmayacaq.
Sərxan Yolçuyev- qazi: “Anım günündən də əlavə şanlı tarixin başlanğıc günüdür. Bu gün Ali baş komandanımızın bir əmrinə Azərbaycan ordusunun, Azərbaycan xalqının həmrəy olduğu gündür. Bu gün bizim həm qürur mənbəyimizdir, həm də hüzn günümüzdür. Bu gün Qarabağ azaddır”.
İmran Rəcəbov- qazi: “Bu gün Anım Günü olduğu kimi, sevincli günümüzdür. Ona görə ki, 30 il düşmən tapdağında olan Qarabağımız -Xankəndimiz, Xocalımız, Ağdərəmiz, Xocavəndimiz də azaddır. Bu gün şəhidlərimizin də ruhu şaddır”.
Tural Oruczadə- Vətən müharibəsinin iştirakçısı: “Müharibəyə 1 oktyabır 2021-ci ildə qatıldım. Tərtər, Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak elədim. Bizim bütün döyüşçülərimizin, hərbiçilərimizin, vətənimizin, millətimizin övladlarının hər birinin böyük əməyi, payı oldu. Millət çox ruh yüksəkliyi ilə o həsrətə son qoydu. Allahdan şəhdilərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edirəm. Allah Ali baş komandanımızı qorusun. Onun apardığı siyasət bizə zəfəri yaşatdı”.
Vətən müharibəsi həm də Azərbaycanın diplomatik qələbəsi idi. Siyasi müstəvidə əldə edilən uğurlar, iqtisadi imkanlardan məqsədyönlü istifadə döyüş meydadında qələbə ilə nəticələndi.
Bəxtiyar Məhərrəmov- tarixçi: “Azərbaycan əsgəri 44 günlük müharibədə öz qüvvəsinin, öz qüdrətinin, öz cəsarətinin zirvəsində oldu. Bu müharibə şanlı, hərbi tarixin bir hissəsidir. Bu, hərbi təcrübə olaraq öyrənilir. Qarabağ müharibəsi ənənəvi hərbi doktrinalarda çox şeyləri dəyişdi. Müasir bir çox konfliktlərdə bu müharibənin təcrübəsindən, özü də vuruşan hər iki tərəfdən istifadə olunur”.
Əgər 44 günlük müharibədə erməni işğalına son qoyuldusa, "Dəmir yumruq" əməliyyatının 3-cü ilində ərazi bütövlüyü və suverenliyinə tam qovuşdu Azərbaycan. Azərbaycanın bütövlüyü Qarabağa qovuşmaqla təmin edildi.
Elnur Vahidoğlu
- Baxış: 289