Biz yerdəki humanitar ehtiyacların ödənilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsi ilə, həmçinin Qarabağın erməni sakinlərinin nümayəndələri ilə müntəzəm əlaqədəyik. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında qeyd edib. Hikmət Hacıyev bildirib ki, Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar Xankəndidən xeyli sayda xəstənin qəbul edilməsi üçün əlavə tibbi heyətlə gücləndirilib. Bundan əlavə Beynəlxalq Qızıl Xaç Komitəsinin Gorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolu ilə tibbi təxliyələr həyata keçirməsi və yardımlar çatdırması üçün müstəsna giriş imkanının təmin edilməsi üzərində işlənilir. Prezidentin köməkçisi qeyd edib ki, bölgədə tibbi yardıma və qayğıya ehtiyacı olan insanların aparılması üçün Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib.
- Baxış: 145