• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 25.09.2023 16:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər edib

KepezTV Player

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ərdoğan arasında təkbətək görüş keçirilib. İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi olub, iki ölkə arasında bir sıra sahələr üzrə sənədlər imzalanıb. Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Daha sonra Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.***
Ardından İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər. Dövlət başçıları qaz kəmərinin təməlini qoyublar.

Sonra Azərbaycan-Türkiyə sənədləri imzalanıb. "Azərbaycan ilə Türkiyə arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”, "Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”, “Azərbaycanda və Türkiyədə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Energetika Nazirliyi və Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”na imza atılıb.

Naxçıvana səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərinin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. Bu sözləri Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

Prezident İlham Əliyev beş gün bundan əvvəl Azərbaycanın öz suverenliyini tam təmin etdiyini də qeyd edib. Dövlət başçısı Qarabağda yaşayan erməni əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinin uğurla gedəcəyinə əminliyini ifadə edib.

Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. Bu sözləri isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib və Azərbaycanın sonuncu zəfəri ilə birlikdə bölgədə normallaşma üçün yeni fürsət pəncərələrinin açıldığından danışıb.

Prezident İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi nahar verilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. Prezident İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yola salıb.