Fransa Prezidenti Emmanuel Makron müsahibəsi zamanı növbəti dəfə bölgədə mövcud vəziyyəti təhrif edən mövqe sərgiləməsi onun tərəfindən tətbiq edilən ikili standartların və qərəzin bariz nümunəsidir. Bu barədə Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə bildirilib. "Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət və özünün “Orientalizmə” söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda neo-kolonialist mənfur təcrübəsini tətbiq etməyə çalışması, Azərbaycan Ermənistan məsələsində xritstianlıq faktorunu qabartması və keçmiş münaqişəyə din amili ilə yanaşması təhlükəli və qəbuledilməzdir. Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində Ermənistanın 30 illik işğalına son qoyulması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etmək məqsədilə həyata keçirdiyi tədbirlər beynəlxalq hüquqla təsbitlənən legitim haqqımızdır. Azərbaycan öz torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılması ilə yanaşı, erməni sakinlərə yardım göstərilməsi və onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası işini həyata keçirir. Fransanın bölgədə sülhə xidmət etməyən və qarışıqlıq yaratmaq istiqamətində səylərinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik.", - deyə Ayxan Hacızadə vurğulayıb.
- Baxış: 136