Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel tərəfindən bölgədə baş verən son hadisələrlə bağlı verilən və regiondakı reallıqları qəsdən təhrif edən bəyanat tamamilə qeyri-adekvatdır. Bu barədə Xarici İşlər Nazirliyi Cozep Borelin bəyanatına cavabında bildirib. Şərhdə deyilir ki, sözügedən İttifaqın Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxın hərbi işğalı, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri qınamaqdan çəkinməsi ilə yanaşı, 2020-ci ildə baş vermiş müharibədən sonra Azərbaycana qarşı bu qərəzli yanaşmanı təhdidlərlə bəyanatlar səviyyəsinə qaldırmaqla, ölkəmizin bölgədə sülh və stabilliyin bərqərar olması ilə bağlı addımlarına heç vaxt dəstək göstərməməsi regionumuzun sabitliyinə hədədir. "Azərbaycanın öz suveren ərazilərində qeyri-qanuni yerləşən erməni silahlı qüvvələrinin çıxarılması istiqamətində legitim tədbirlərinin bu qanunsuz qüvvələrin növbəti təxribat və hücumların qarşısının alınmasına yönəldiyini, Azərbaycanın antiterror tədbirlərinin guya erməni sakinlərə qarşı aparıldığı barədə iddialarla bağlı isə, bu iddiaların hətta Ermənistan Baş nazirinin 21 sentyabr tarixli əhaliyə müraciətində də təkzib edildiyini bir daha xatırladırıq", - şərhdə vurğulanır. Azərbaycan Ermənistanla sülh gündəliyinə sadiqdir və qondarma rejimin, habelə qanunsuz erməni silahlı qüvvələrinin qalıqlarının ərazilərimizdən çıxarılması tədbirlərinin Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir göstərəcəyinə inanır.
- Baxış: 115