• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2286
— 21.09.2023 11:14

Ceyhun Bayramov bir sıra görüşlər keçirib

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak məqsədilə Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində Finlandiyanın xarici və avropa işləri naziri Elina Valtonen arasında görüş keçirilib. Ceyhun Bayramov tərəf müqabilini Azərbaycan tərəfindən post-münaqişə dövründə Ermənistan ilə ikitərəfli münasibətlərin normallaşması və azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması istiqamətində atılan addımlar haqqında məlumatlandırılıb. Nazir anti-terror əməliyyatları nəticəsində erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması tədbirlərinin və erməni sakinlərin Azərbaycanın konstitusyon quruluşu çərçivəsində reinteqrasiyası tədbirlərinin Ermənistanla sülh prosesinə də müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Ceyhun Bayramovla görüşdə Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt Azərbaycanın bölgədə sülh və quruculuq səylərinin təqdirəlayiq olduğunu, bu xüsusda regionda dayanıqlı sülh quruculuğu sahəsində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Ceyhun Bayramovun Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə görüşündə Beynəlxalq tərəfdaşlar tərəfindən Azərbaycanın suveren ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılmasına çağırış edilməsinin, qeyri-qanuni rejimin buraxılmasına vurğu edilməsinin, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatlarının və terror aktlarının qətiyyətlə pislənməsinin və onların qarşısı alınmasının vacibliyi vurğulanıb. 

Azərbaycan xarici işlər naziri ilə görüşündə Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Əl-Budeyvi Azərbaycanın ərazi bürövlüyünün Şura tərəfindən hər zaman birmənalı və tam şəkildə dəstəkləndiyini qeyd edib. 

Ceyhun Bayramov Yəhudi Təşkilatlarının Koalisiyasının nümayəndələri ilə də görüşüb. Nümayəndələri regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror əməliyyatı barədə məlumatlandırıb və bu əməliyyatı şərtləndirən amilləri diqqətə çatdıraraq, Yəhudi Təşkilatlarının Koalisiyasının regionumuzdakı həqiqətlərin Amerika ictimaiyyətinə çatdırılmasındakı rolunu vurğulayıb.