Sentyabrın 15-i saat 23:55-dən sentyabrın 16-sı 00:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və Basarkeçər rayonunun Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng və Qalakənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb. Müdafiə Nazirliyindən o da bildirilib ki, bu gün saat 13 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
- Baxış: 236