İlk növbədə, dinləmələrin təşəbbüskarı və təşkilatçısının ölkəmizə qarşı ənənəvi düşmən mövqeyi ilə seçilən, ermənipərəst senator Robert Menendez olduğu məlumdur. Sözügedən senatora qarşı korrupsiya ittihamlarının mövcud olduğu və istintaq prosesinin aparıldığı bir dövrdə, bu şəxsin hələ də erməni diasporunun radikal nümayəndələrinin saxta iddialarını əsas götürməklə Azərbaycana qarşı fəaliyyətlə məşğul olması qeyd edilən şəxs üçün siyasi etik qaydaların yad məfhum olduğunu növbəti dəfə sübut edir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ Senatında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimin iddialarına dair şərhində deyib. "Ermənistan və Azərbaycan arasında müharibənin bitmədiyini iddia edən Kimə xatırlatmaq istərdik ki, Üçtərəfli Bəyanatdan sonra tərəfimizdən hər iki dövlətin ərazi bütövlüyü və suverenliyi əsasında qarşı tərəfə sülh təklif edilib. Ermənistanın törətdiyi təxribatların dayandırılmasının, ən əsası isə Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizi dərhal tərk etməsinin tələb olunmasının vacib və ədalətli olduğuna inanır və ABŞ tərəfini bu mövqedən çıxış etməyə çağırırıq.", - deyə Ayxan Hacızadə vurğulayıb.
- Baxış: 223