Gəncədə Xalq artisti Mobil Əhmədovun xatirəsi yad edilib. “Ustadın yolu ilə” adlı gecədə Mobil Əhmədovun Azərbaycan professional vokal sənətinin banisi Bülbülün sinfində təhsil aldığına diqqət çəkilib, onun məktəbinin davamçısı olduğu vurğulanıb. Mobil Əhmədov 40 ilə yaxın Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, 70-dən çox tamaşada uğurlu çıxışları ilə yadda qalıb. Uzun illər “O olmasın, bu olsun” tamaşasında Sərvər rolunu canlandırıb. Yüksək ifaçılıq qabiliyyətinə malik olan Mobil Əhmədovun 600-dən çox lent yazısı, 40 səsli valı qalıb. Eyni zamanda o, müəllim-pedaqoq kimi də tələbə və şagirdlərə vokal sənətinin sirlərini öyrədib. Xatirə gecəsində Mobil Əhmədovun oxuduğu nəğmələri Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və estrada kollektivinin müşayiəti ilə Xalq artisti Fidan Hacıyeva, əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva və digər sənətkarlar səsləndiriblər.
- Baxış: 306