Qərb bölgəsinə ötən gün axşam saatlarından başlayaraq yağan yağış səhər saatlarında daha da intensivləşib. Təbiət hadisəsi ən çox Goranboy rayonunda fəsadlar yaradıb. 2 ucqar dağ kəndinə gedən yol sıradan çıxıb. Eləcə də, əkin sahələrini sel basıb.
Bura Goranboy rayonunun Nizami kəndidir. Yağan yağış səbəbindən gələn sel daha çox bu kəndin ərazisinə ziyan vurub. Belə ki, kənd ərazisində əkilən yonca, eləcə də günabaxan sahələri sel sularının altında qalıb. Yağan güclü yağış nəticəsində dağlardan gələn sel kənd ərazisində təxminən 10 ha-a yaxın əkin sahəsini basıb, bitkiləri sel suları yuyub. Torpaq mülkiyyətçilərinin təkrar şumları yararsız hala düşüdüyndən ciddi ziyanla üzləşiblər.
Xəqani Xəlilov- torpaq mülkiyyətçisi: “Nizami kəndində asfaltın alt hissəsində bununla neçə dəfədir ki, gələn sel mənim sahələrimi tutur. Bu gün də səhərəyaxın zəng elədilər ki, sel gəlibdir. Əsasən əkdirdiyim şum sahələrimi yuyub, aparıb. Üç yerdən sahələrimə ziyan dəyib. Təzə səpilmiş yonca sahəmi xeyli yuyub”.
Səxavət Məmmədov- torpaq mülkiyyətçisi: “Axşamdan güclü yağışlar oldu. Yağış nəticəsində sel gəldi. Elə itki də yoxdur. Sadəcə olaraq sahələri su basdı. Günəbaxan, yonca sahələrində ciddi ziyan oldu”.
Rayonun Dəyirmanlar, Goran, Azad, Qazançı kəndlərində də əkin sahələrinə ziyan dəyib. Kürəkçayda suyun səviyyəsi artdığından, su kanalları da daşaraq əkin sahələrini basıb. Kəndlərə elektrik enerjisinin verlişində fasilələr yaranıb, yol infrastrukturuna ziyan dəyib.
Seymur Nazarov- Goranboy Rayon Fövqəladə Hallar Komissiyasının sədri: “Gurzallar və Börü kəndlərində yol infrastrukturuna ziyan vurubdur. Nizami, Dəyirmanlar kəndlərində əkin sahələrini yuyub. Qazançı və Goranlı kənlərində isə əkin sahələri ilə yanaşı kənddaxili yolları da yuyub. Axşam saatlarında Fövqəladə Hallar Komissiyası ərazilərdə olub, baxış keçirib və dəymiş ziyanın aradan qaldırılması işləri görülür. Rayonun aidiyyatı qurumları ilə birlikdə texnika cəlb olunub və işlər davam edir. Təlafatımız və itkimiz yoxdur, evlərə su dolmayıbdır. Fövqəladə Hallar Komissiyası da günün sonuna kimi də ərazidə olacaqdır”.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah da ölkə ərazisində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Elnur Vahidoğlu
- Baxış: 292