Müəllimlərin son sertifikasiya imtahanında iştirak edən 2800 pedaqoqdan 743-nün nəticəsi ürəkaçan olmayıb. Bu səbəbdən ibtidai sinif və Azərbaycan dili- Ədəbiyyat fənnlərini tədris edən müəllimlərin fəaliyyətinə xitam verilib. Onlardan 320-si Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin təmsilçiləridirlər. İşsiz qalan müəllimlərin taleyi və onların fənnlərinin kimlər tərəfindən tədris olunacağı barədə qarşıdakı süjetdə.
“Goranboy rayonu, Borsunlu kənd 2 saylı orta məktəbin müəlliməsiyəm. Məktəbimizdən 7 müəllim kəsilib, onun da biri mənəm. Bizim Təhsil nazirimiz, 15 ilin müəllimini yerə vurdunuz. 743 müəllimi çörəksiz qoydunuz. Biz nə deyirik, biz bir müəllimə kimi xahiş edirik, bizi işlə təmin eləsin. Müəllimlər görün nə gündədirlər. Ailələrinə, uşaqlarına çörək aparırdılar. 15 ilin müəllimini atdılar çölə”.
“Mənim yoldaşım, qazidir veterandır. Sizdən ötrü döyüşüb. Niyə belə edirsiniz? Mən 18 ilin müəllimi, gəlim burada durum, deyim, məni işlə təmin edin? Biz, savadsızlığımızdan belə yerə düşməmişik. Bizi həyəcan bu günə qoydu”.
Sertifikasiyadan kəsilən müəllimlər işdən kənarlaşdırıldıqlarından narazıdırlar. Onlar imtahanın nəticəsinin ürəkaçan olmamasını proses zamanı kompüterdə yaranan nasazlıq və həyəcanla əlaqələndirirlər.
Vüsalə Məmmədova- müəllimə: “Samux şəhər 3 saylı orta məktəbin müəlliməsiyəm. Birinci sertifikasiyada 21 bal toplamışdım. Diaqnostik qiymətləndirmədə 25 bal toplamışam. İndi isə ikinci sertifikasiyada 28 bal toplamışam. İki baldan ötrü, deyirlər sizin savadınız yoxdur. Mənim 28 bal toplamağım kompüterdən oldu. Biz cavabı yazanda yaşıl işıq yanmalıdır. Mən çevirdim baxdım ki, 2 sarı işıq yanır. Nəzarətçi müəllimlərdən özləri də dedilər ki, 2 sualda mexaniki səhv olub. Riyaziyyatdan kitabxana məsələsi, Azərbaycan dilindən isə 2 düzgün cavab veriblər. Gəncə şəhər 28 nömrəli orta məktəb. İnsanıq, həyacanlanırıq. Mən orada müəyyən qeydlər elədim, əlimdən aldılar, bizi çox gərgin saxladılar. Bizim bu müəllimlərə yazığı gəlsin. Bizi çıxarıb, töküblər çölə”.
Turanə Əliyeva- müəllimə: “Göygöl rayonu, Balçılı kənd orta məktəbində müəllimə işləyirdim. 20 il stajım var, amma buna baxmayaraq, mən sinif görməmişəm, ara dərsləri veriblər. 6-7 saatla təmin olunmuşam. Neçə il bundan qabaq qurtarmışım, indi onu işlətmirəm. İstəyirəm ki, hansı dərs üzrə keçmişəm, o üzrə imtahan eləsinlər. Məni niyə sinif müəllimləri ilə eyni imtahana salırlar? 20 bal toplamışam”.
Aygül Əsgərova- müəllimə: “Samux şəhər 3 saylı orta məktəbin ibtidai sinif müəlliməsiyəm, ancaq indiyə kimi fiziki tərbiyə, texnologiya dərsi keçirdim. Yığma dərsim olub. 2020-ci ildə sinif götürəndə pandemiya vaxtına düşdü və sinif aparmamışam. Apardığım sinif indi idi, iki il idi aparırdım, 17 ildir ki, orada işləyirəm. Mənim problemim kompüter oldu və xahiş etdim ki, kompüterim donur. Nəzarətçilər bizə qışqırdılar. Qabağımıza iki vərəq qoymuşdular ki, işləyək, onu da əlimizdən aldılar ki, işləməyin. Müraciət elədim, dedilər ki, iş yeri yoxdur. Uşaq birliyində işləyə bilərsiniz, o da yer yoxdur. Ancaq xadimə işləyə bilərsiniz. Harda görsənib ki, 17 ilin müəlliminin əlinə süpürgə versinlər?”
Sadalanan iddialar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin səlahiyyətlilərinin də diqqətinə çatdırılıb.
Azər İbrahimov- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sektor müdiri: “Müraciətlər bizə də daxil olub, bunlar araşdırılır. Bu faktlar öz əksini tapmamışdır. Bizdə yüksək nəticə əldə edən müəllimlərimiz də vardır. Əgər deyilən problemlər olardısa, onlarda da olardı. İmtiyazlı şəxslərin gələcəkdə hər hansı bir işlə təmin olunması məsələsinə də baxılır. Onlara hər hansı alternativlər məsələsi gündəmdədir. Hamısının işlə təmin olunması məsələsini deyə bilmərik. İmtiyazlı şəxslər işlə təmin olunandan sonra digər şəxslərin də işlə təmin olunması məsələsinə baxıla bilər”.
Sertifikasiyadan keçə bilməyənlərin boş qalan dərsləri və onların işlədikləri müddətdə pedaqoji fəaliyyətləri də diqqət mərkəzindədir.
Azər İbrahimov- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sektor müdiri: “Müəllimlərin əksəriyyəti yığma dərs deyən müəllimlərdir. Sinif aparmırdılar və sinif aparanlar üçün də müəllimlərin işə qəbulu çərçivəsində növbəti vakansiya aparıldı. Müsabiqəyə çıxarmışıq və müsabiqədə uğur qazananlar gələcəklər. Təbii ki, həmin müəllimlər dərs dediyi regionlar təhlil ediləcəkdir. Məktəblər barəsində müvafiq tədbirlər görülməsi planlaşdırılır. Bundan sonrakı müəllimlərə də stimul olacaqdır ki, hər bir müəllim öz üzərində işləməyi planlaşdıracaqdır. Təhlillər də aparılır və təlillərdən sonra tədbirlər görüləcəkdir”.
İllərdir şagirdlərə bilik verməklə məşğul olanların göstərdiyi mənfi nəticənin təhsil prosesinə təşkili məsələsi də maraq doğurur. Özü imtahandan keçə bilməyənin, imtahan verəcək yeniyetmələrə nə öyrətdiyi məsələsi aktuallaşır.
Kamran Əsədov- təhsil eksperti: “Bu müəllimlər öz ixtisasları üzrə minimum suallara cavab verə bilmirlərsə, bunlar hər hansı bir şey bilmirlər. Bilmirlərsə, avtomatik olaraq qarşıdakı uşaqlara da heç nə verə bilməzlər. Heç bir təhsil sisteminin gücü öz müəllimindən artıq ola bilməz. Sizin müəlliminiz nədirsə, təhsil sistemi də odur. Çox təəssüflər olsun ki, bu qədər müəllim hər gün ortalama bir sinifdə 30 uşağa dərs deyir. Hesablasaq, 700-dən çox müəllim və hər biri 30-35 uşağa dərs deyir, deməli onların dedikləri dərslər də keyfiyyətli deyil. Özü bir şey bilməyən müəllim, idarəçi qarşısındakına da heç nə öyrədə bilməz. Ona görə sertifikasiya prosesi ciddi prosesdir və Azərbaycan təhsilinə inqilabi dəyişikliklərin başlanğıcını qoyacaqdır”.
Görünən odur ki, təhsil sahəsində atılan addımlar, edilən yeniliklər inkişafın əldə edilməsinə hədəflənib. Odur ki, gələcəyimiz olan uşaqların bilikli yetişmələri onlara verilən bilikdən və bilik verənin öz fənninə nə qədər dərindən bələd olmasından asılıdır.
Elnur Vahidoğlu
- Baxış: 607