• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 929
— 31.08.2023 20:36

Bu cür çirkin oyunların qurulması qəbuledilməzdir

KepezTV Player

Azərbaycanın Livandakı səfirliyinə hücum olub. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb. Hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar: "Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir. Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır". Məsələ ilə bağlı Baş Prokuror Kamran Əliyev Livanlı həmkarı Qassan Ueydat ilə telefon danışığı aparıb. Danışıq zamanı beynəlxalq norma və prinsiplərə, eyni zamanda daxili qanunvericiliyə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi xahiş olunub. Həmçinin, qeyd olunan faktın istintaqı ilə bağlı Azərbaycanın dəstəyi və əməkdaşlığı təklif olunub. Tərəflər məsələ ilə bağlı koordinasiyalı fəaliyyətin aparılacağı barədə razılığa gəlib. Mövzunu həmkarımız Ayişə Rzayeva davam etdirəcək. 

Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Bu, döyüş meydanında məğlub olduğunu qəbul etməyən erməni lobbisi və diaspor təşkilatlarının növbəti oyunlarıdır. Siyasi şərhçi Tural İsmayılovun sözlərinə görə ölkəmizin- Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələsini bu qədər qabartdığı dövrdə kənardakıların Azərbaycana dırnaqarası təzyiq göstərməsi yolverilməz, bu cür çirkin oyunların qurulması qəbuledulməzidir. Dünyadakı siyasi proseslər adına uğursuz və qeyri-adekvat addımdır.

Tural İsmayılov- siyasi şərhçi: “Azərbaycanın Qarabağ ermənilərinə humanitar yardım göndərdiyi bir vaxtda Livanda səfirliyimizə qarşı terror aktının keçirilməsi özlüyündə müəyyən səbəb və əlaqələri gizləyir. Əvvəla nəzərə almaq lazımdır ki, bu gün erməni diasporası adı altında maskalanmış və ASALA ruhunu yaşadan bir terror şəbəkəsi xaricdə fəaliyyət göstərir. Və təəssüflər olsun ki, dünyanın hansı coğrafiyasında olmasından asılı olmayaraq bu terrorçu ünsürlər Azərbaycan dövlətinin əleyhinə müxtəlif cinayətlər işləməklə məşğuldurlar. Daha əvvəl də bir çox ölkələrdə Azərbaycan səfirliklərinə qarşı ekstremist və təxribatçı hücumlar həyata keçirilmişdi. Bu gün Livanda erməni əsilli bir xeyli Livan vətəndaşı yaşayır. Eyni zamanda erməni diasporası Livan ərazisində kifayət qədər mütəşəkkil şəkildə siyasətçilərin ələ alınması və digər proseslərdə iştirak edirlər. Ona görə mən hesab edirəm ki, Azərbaycan dövləti bu məsələdə Livan hökumətinə mütləq şəkildə öz etirazını bildirməlidir. Və həmçinin Livanda Azərbaycan səfirliyinə qarşı həyata keçirilən bu iyrənc terror əməlinə görə beynəlxalq aləmdə siyasi institutlar tərəfindən Livana təzyiqlər edilməlidir”.

Humanist ölkə olduğunu bir daha göstərən Azərbaycan Xankəndiyə 40 tonluq un məhsulları olan humanitar yardım göndərib. Ermənilərin bu yardımı istəməyib, Ağdam-Xankəndi yolunda gözlətməsi isə bir daha məqsədin başqa olduğunu göstərir. İddia edildiyi kimi, humanitar bir fəlakətdən söhbət gedə bilməz. Ermənistan özünü qondarma “qurban” xalq kimi aparır və bu, standart erməni yanaşmasıdır.

Tural İsmayılov- siyasi şərhçi: “Əslində ermənilərin sonuncu addımları onu göstərir ki, Xankəndidə özlərinin iddia etdiyi kimi humanitar bir fəlakətdən söhbət gedə bilməz. Bu gün Azərbaycan böyük bir dövlətçilik etikası nümayiş etdirərək Xankəndi və ətrafında yaşayan ermənilər üçün 40 ton humanitar yardım göndərib. Və eyni zamanda Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu humanitar yardımları daha sonra artıra biləcəklərini də vurğulayıb. Lakin biz bu gün görürük ki, Ermənistan onun havadarları və Xankəndidəki separatçı erməni quldurların əsas məqsədi heç də hansısa humanitar məsələ və ərzaq yardımları deyil. Bu dırnaqarası qurumların hamısı birləşərək Azərbaycan ərazilərində qeyri-qanuni bir xunta formalaşdırmağa çalışırlar. Və bu xunta da Azərbaycan ərazilərində Azərbaycanın suverən hüquqlarını tapdalamaqla məşğuldurlar. Bu baxımdan mən hesab edirəm ki, Azərbaycan vətəndaşı olmalı olan və daim bunu təbliğ etdiyi erməni əsilli vətəndaşlarına humanitar yardım göstərməklə böyük bir dövlətçilik etikası nümayiş etdirir. Və ölkəmiz bütün təxribatlara rəğmən erməni əsilli vətəndaşlarımıza da bundan sonra da yardım etməyə davam edəcək”.

30 il ərzində Qarabağ məsələsinə susan, göz yuman Fransa indi torpaqlarını işğaldan azad edib öz ədalətini bərpa edən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirməyə başlayıb.

Tural İsmayılov- siyasi şərhçi: “Tarixi keçmişi çirkabla dolu olan bir ölkənin nəinki Azərbaycan-Ermənistan münasibətləri və bizim region, ümumiyyətlə dünyada baş verən siyasi hadisələrdə tərəf kimi iştirak etmək lüksu olmamalıdır və ola da bilməz. Çünki bu günə kimi Fransa tərəfindən həm ATƏT-in Minsk qrupunda olduğu 30 il ərzində, həm ondan sonrakı dövrdə və özəlliklə Azərbaycanın beynəlxalq hüququ bərpa edərək öz ərazilərini işğaldan azad etdikdən sonra ölkəmizə qarşı həyata keçirdiyi məkrli siyasət Fransanın əsl mahiyyətini ortaya qoyur. Qabondan, Malidən, Nigerdən və Afrikadan layiq olduğu şəkildə qovulan Fransanın bu gün Azərbaycana hansısa bir məsələdə ağıl öyrətmək cəhdlərinin heç bir əsası yoxdur. Fransa öz tarixi keçmişindən utanmaq yerinə, bu gün də öz vətəndaşlarını əzməyi, onların üzərinə atlarla, vəhşi itlərlə hücumlar etməyə davam edir. Öz vətəndaşına da hörmət etməyən bir ölkənin dünyada hansısa bir ölkənin suverən hüuquqlarına hörmət etməyi başadüşülən olmazdı. Amma istənilən halda hesab edirəm ki, etdiyi bu addımlara görə Azərbaycanın Fransaya nota verməsi və eyni zamanda Azərbaycan-Fransa münasibətlərinin korlanmasında itirən Fransa olur”.

Bir ölkənin tərəfini açıq-aşkar tutan, eyni zamanda, onların arasında münasibətlərin normallaşmasına “töhfəsini vermək istəyən” dövlət obyektivlik iddiasında ola bilərmi? Otuz il ərzində özünü Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı kimi təqdim edən, eyni zamanda Azərbaycana qarşı böhtan atan bu dövlət öz səylərində səmimi ola bilərdimi? Cavab bəllidir. Fransa öz hərəkətləri ilə nəinki Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sülhün bərqərar olmasına heç bir şəkildə töhfə verə bilmədiyini nümayiş etdirdi, həm də ümumilikdə Azərbaycan ilə bu illər ərzində qurulmuş münasibətləri sarsıtdı.

Aişə Rzayeva