• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1925
— 31.08.2023 12:02

Prezident İlham Əliyev Qırğız Prezidentini təbrik edib

Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Qırğızıstan dostluq əlaqələri möhkəmlənib, qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu fikirlər Prezident İlham Əliyevin Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Sadır Japarova ünvanladığı məktubda yer alıb. “Keçən il qardaş Qırğızıstana dövlət səfərim zamanı Sizin rəhbərliyiniz altında aparılan genişmiqyaslı islahatların və quruculuq işlərinin ölkənizin hərtərəfli inkişafına və rifahına xidmət etdiyini görməkdən məmnun oldum. Əminəm ki, ortaq köklərə, qardaşlığa, qarşılıqlı inam və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin genişləndirilməsi, yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - məktubda deyilir. 

Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə Malayziyanın XVI Ali Başçısı əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha da təbrik məktubu ünvanlayıb. "Bu il biz Azərbaycan-Malayziya əlaqələrinin tarixində əlamətdar ildönümünü – ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Əminəm ki, Azərbaycan ilə Malayziya arasında dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik", - deyə məktubda bildirilir.