Hələ uşaq dünyaya gəlməmiş, valideynlərin üzləşdiyi xərclər hər kəsə məlumdur. Elə ki, uşaq dünyaya gəlir, onunla bərabər başqa qayğılar da doğulur. Bu qayğılardan biri də ana südü ilə qidalanmayan körpələri doydurmaqla bağlıdır. Bazarda çeşidli uşaq qidalarından nə qədər istəsən tapmaq olar. Bəs qiymətləri necə, onlar da əlçatandırmı?
Son illərdə Azərbaycanda öz körpələrini yalnız ana südü ilə qidalandıran analar azlıq təşkil edir. Hazırda süni uşaq qidalarından istifadə daha çox genişlənib. Bəzi analar bu və ya digər səbəblərdən körpələrinə ana südü verməkdən imtina edirlər. Belə olduqda isə ailələr uşaqlarının yeməyə olan tələbatını ödəmək üçün xərc çəkməli olurlar. Bəs müxtəlif çeşidli uşaq qidalarının qiymətləri hansı aralıqda dəyişir?
Mağazalarda çəkisi 400 qram olan uşaq yeməklərinin qiyməti 20 manatdan 45 manata kimi dəyişir. Bu qidalar isə uşağın yaşından asılı olaraq ailəyə maksimum 1 həftə kifayət edir. Yəni ay ərzində ortalama 4-5 qutu yemək alınmalıdır. Belə olduqda isə təxminən 200 manat pul xərclənməlidir.
Ekspertlərin fikrincə, ölkəmizdə uşaq üçün olan süni qidaların qiymətləri qonşu ölkələrlə müqayisədə 30 faiz bahadır. Bu da həmin məhsulların Azərbaycanda istehsal edilməməsi, xaricdən idxal olunması ilə əlaqələdir. Ekspertlərin sözlərinə görə, uşaq yeməkləri, bezləri, geyimlərinin ölkə bazarında dəyərindən bir neçə dəfə baha satılmasının qarşısını almaq mümkündür. Buna, yerli istehsalı təmin etməklə nail olmaq olar.
Aişə Rzayeva
- Baxış: 444