• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1239
— 30.08.2023 20:15

Şəkərli diabet xəstələrinin sayı artır

KepezTV Player

Şəkərli diabet endokrin sisteminin xəstəliyi olub, tam və ya nisbi insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Təəssüflə demək olar ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də diabetli xəstələrin sayı artır. Hazırda Gəncə şəhər Zülfüqar Məmmədov adına Birləşmiş Xəstəxananın Endokrinoloji şöbəsində 8093 nəfər şəkərli diabet xəstəsi kimi qeydiyyatdadır ki, bu da ötən illə müqayisədə 250 nəfər çoxdur.

Sağlamlıq üçün bir sıra fəsadlara yol aça biləcək şəkərli diabet xəstəliyi miqyası artan xəstəliklərə aid edilir. Şəkərli diabetin yaranmasının bir sıra amilləri var.

Sevda Əsgərova- Zülfüqar Məmmədov adına Birləşmiş Xəstəxananın Endokrinoloji şöbəsinin müdiri: “Ailədə hansısa valideyn şəkərli diabetlə xəstədirsə, artıq bunun uşaqları risk qrupuna aiddir. Bunlar ehtiyatlı olmalıdır. Artıq çəkili insanlar ildə bir dəfə şəkərin səviyyəsini yoxlamalıdırlar. Mədəaltı vəzin funksiyasının pozulması, viruslar, qrip, qızılca, suçiçəyi kimi xəstəliklərdən sonra yarana bilir. Sinir sisteminin pozulmasından sonra da yarana bilər”.

Qanda şəkərin miqdarını idarə etmək mümkün olursa, şəkərli diabet təhlükəli olmaqdan çıxır. Təkcə dərman preparatları deyil, həmçinin pəhriz də bu xəstəliyin ağırlaşmasının qarşısını alan əsas amillərdəndir. 

Sevda Əsgərova- Zülfüqar Məmmədov adına Birləşmiş Xəstəxananın Endokrinoloji şöbəsinin müdiri: “Pəhriz gözləməsəniz, şəkərsalıcı preparatın dozasını nə qədər artırsanız da şəkərin qanda səviyyəsi aşağı düşməyəcək və bu da fəsadlar verəcəkdir. Xəstələr şikayətlənir ki, mənim aşağı ətraflarda hissiyatım yoxdur. Bu, böyrək zədələnməsi və bu da böyrək çatışmazlığı ilə nəticələnir. Üçüncüsü gözlə əlaqədardır. Sonda göz dibinin zədələnməsi və kor olmaya gətirib çıxarır”.

Rövşən Məmmədov- sakin: “Gərək, özün-özünə baxasan və yeməyini də vaxtlı-vaxtında, yerində yeyəsən. Ayrı cürə dərman nə qədər də içsən, xeyiri olmaz”.

Teymur İbrahimov- sakin: “Özümü qorumaq üçün edirəm. Həm də təxmini nəzarət edirəm ki, nə yemək lazımdır. Adam özü-özünə həmişə nəzarət etməlidir, mən də yoxladım, baxdım ki, şəkər normadan yuxarı qalxıb, indi ona görə gəlmişəm”.

Dövlət proqramı çərçivəsində şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə pulsuz dərman preparatları, eləcə də qanda şəkərin səviyyəsini ölçən qurğular verilir. Təbii ki, bu, tibb müəssisələrində qeydiyyatda olan xəstələrə aiddir.

Rəhimə Məmmədova- baş tibb bacısı: “Xəstə, kimliyi ilə gəlir və qeydiyyat otağından anketi götürür. Həkimlər tərəfindən reseptlər yazılır və aptekə düşür, kompüterdə qeydiyyata alınır. Rahatçılıqla dərmanını alır. Burada hər gün mütamadi olaraq dərmanlar paylanılır”.

Mütəxəssislər bildirirlər ki, şəkərli diabet xəstəliyinin genişlənməsinin qarşısını almaq üçün insanların azhərəkətli, stressli həyat tərzi, düzgün olmayan qidalanma, zərərli vərdişlərdən uzaq durması vacibdir. Bunlar diqqətə alınarsa, diabetdən əziyyət çəkənlərin sayı günü-gündən artmaq əvəzinə, azalar. 

Elnur Vahidoğlu