Dünən yağan intensiv yağışlar ölkənin bəzi ərazilərində bir sıra fəsadlar törədib. Bu sıraya Göygöl şəhəri də daxildir.
Dünən günorta saatlarından başlayan yağış nəticəsində Göygöl şəhərinin Ordubadi, Şəhriyar, Qaçaq Nəbi və Mirzə İbrahimov küçələrindəki bəzi fərdi yaşayış evlərini su basıb. Tikililərin zirzəmiləri, həyətyanı sahələr və tövlələr yararsız hala düşüb.
Solmaz Qədimova- sakin: “1 ay bundan qabaq da bu zülmü çəkmişik, yenə FHN töküldü bura - qaraj, məhlə, ev batdı, bütün zirzəmi suyla doldu, zülmlə çəkmişik. Bu dəfə də - artıq 3-cü dəfədir gəlir, dolur, zirzəmidən, barıdan çat gedir”.
Xəyal Əlvəndov- sakin: “Sel evlərimizə, bütün zirzəmilərimizə dolub, polun altına dolub, artıq evimizdə çatlar var”.
Dürdanə Bəxtiyarova- sakin: “Su dolub bura. Xalçaları birinci çıxartdıq, yəni adi su yox, çirkli su dolmuşdu. Təmizlədik, arxada da bir qoca nənə var, gəldim ki, yatağın üstündə oturub, ora da bütün sudur, oranın da xalçasını çıxartdıq, atdıq”.
FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri yağıntının törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub. Evlərin zirzəmilərindəki suyun çəkilərək kənarlaşdırılması təmin edilib. Aidiyyəti qurumlar tərəfindən zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.
Ceyhun Qasımov- Göygöl Rayon İH-nin Göygöl şəhər İƏD üzrə nümayəndəsi: “İntensiv yağan yağışlar nəticəsində Göygöl şəhərinin küçələrində 5, 6 evə su dolmuşdur. FHN-nin xilasedici qüvvələri nəticəsində müəyyən pompalarla zirzəmilərdən sular çıxarıldı. Hal-hazırda alternativ tədbirlər görülür. Günün sonuna qədər müəyyən məsələlər var, onları görək ki, əhaliyə ziyan dəyməsin”.
İntensiv yağıntılar Göygöllə yanaşı, Goranboy, Şəki, Xızıda da bir sıra fəsadlara yol açıb.
Fərid Mehdiyev
- Baxış: 344