• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 782
— 29.08.2023 16:08

Yayda qida zəhərlənmələrindən necə qorunaq?

KepezTV Player

Yay aylarında çox insan qida zəhərlənməsi diaqnozu ilə həkimlərə müraciət edir. Qida zəhərlənməsi yeyilən qidanın tərkibindəki bəzi mikroorqanizm və zəhərlərin olması nəticəsində ortaya çıxır. Mütəxəssislər zəhərlənmənin əsas əlamətləri və ondan qorunmaq yolları ilə bağlı vətəndaşlara xəbərdarlıq edir.

Havanın hərarəti yüksəldikcə müəyyən patogen mikrobların inkişafı üçün də əlverişli şərait yaranır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı artır. Həm təbii, həm də konservləşdirilmiş məhsullar yay aylarında daha çox zəhərlənməyə səbəb olur.

Əli Quliyev- İnfeksionist: “Xüsusən qarpız, yemiş məhsullarıdır və digər qida məhsulları - yəni konservləşdirilmiş məhsullar, tərəvəzlərdir ki, bunları yedikdən sonra xəstlərdə müxtəlif cür əlamətlər olur. Xüsusən ürəkbulanma, qusma, bəzi xəstələrdə ishal, eyni zamanda hərarətin yüksəlməsi müşahidə olunur. Bu xəstələrin sayında artım müşahidə olunur. Ay ərzində təxmini olaraq 20, 30, 40, 50-yə kimi xəstələr yoluxucu xəstəliklər şöbəsinə müraciət edir”.

Həkimlər deyir ki, bitkilərin tez yetişməsi üçün tətbiq olunan kimyəvi maddələr və bu məhsulların istifadə edilərkən düzgün yuyulmaması zəhərlənmələrin sayını artırır. Bostan bitkilərinin yetişdiyi bu dövrdə mütəxəssislər daha diqqətli olmağı məsləhət görür.

Əli Quliyev- İnfeksionist: “Əhalimizə tövsiyə edirik ki, yay aylarında qarpız və başqa bostan məhsulları aldıqda onun istifadəsinə düzgün riayət eləsinlər. Onları qəbul etdikdən sonra saxlanma şəraitinə düzgün riayət eləsinlər. O məhsulları istifadə etdikdən 2 saat sonra tam yararsız hala düşür. Ona görə onları təkrar istifadə etmək tövsiyə olunmur. Və eyni zamanda meyvə-tərəvəz məhsullarından istifadə etdikdə, gigiyenik qaydalara, yuyulma vasitələrinə və istifadə qaydalarına, saxlanma şəraitinə düzgün riayət eləməlidirlər ki, zəhərlənmə olmasın”.

Xəstəliyin simptomları keyfiyyətsiz qidanın qəbulundan 1, 2 bəzən 6-8 saat sonra özünü birzə verir. Simptomlar aşkar edilən kimi dərhal tədbir görülməlidir.

Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsindən verilən məlumata görə, son bir neçə aydır ki, zəhərlənmə diaqnozu ilə bağlı stansiyaya zənglər daha çox daxil olur.

Sərvər Nadirov- Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin çağırışçı həkimi: “Hal-hazırda bu il ərzində təsadüf edilən çağrışlar qida zəhərlənməsinə uyğun, yəni ona oxşar olan əlamətlər - mədə-bağırsaq sisteminin funksional pozğunluqları olan bir diaqnoz var. Elə çağırışlarımız olub. Həmin çağırışlarda da xəstənin vəziyyətinə uyğun olaraq xəstəyə yanaşılır. Son 1 ayda bir neçə dəfə belə çağırış olub”.

Tövsiyə isə ondan ibarətdir ki, qida zəhərlənmələrində şikayətlər 24 saat ərzində yaxşılaşmağa doğru getmirsə, dərhal xəstəxanaya müraciət olunmalıdır.

Aişə Rzayeva