BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün təcili iclas keçirib. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi iclasda Ermənistan tərəfinin əsassız ittihamlarına tutarlı cavab verib. Müzakirələr Ermənistan və havadarlarının növbəti fiaskosu ilə nəticələnib.
“Laçın” sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq məqsədilə yaradılıb. BMT Təhlükəsizlik Şurasının Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün keçirdiyi təcili iclasında daimi nümayəndəmiz Yaşar Əliyev Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışıb. Çıxışına Ermənistanın sübutu olmayan bütün iddialarını rədd edərək başlayan Yaşar Əliyev bildirib ki, rəsmi İrəvanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribat xarakterli siyasi kampaniyadır.
Yaşar Əliyev- Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: "Məhz Ermənistan 30 ilə yaxın işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən dörd qətnaməyə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına məhəl qoymayıb. Əgər Ermənistan yardım etmək istəyində səmimi olsaydı, bu, dərhal baş verərdi. Bu, həqiqətən də bir neçə gün əvvəl beynəlxalq faktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı nəticəsində praktiki olaraq mümkün idi. Təkcə Ermənistanın imtinası nəticəsində baş tutmadı".
İclasda həmçinin qeyd edilib ki, bir sıra intensiv məsləhətləşmələr sonra, humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də mərkəzi hakimiyyətin xüsusi nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün təşkilinə dair razılıq əldə olunmuşdu. Birinci halda Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən humanitar yüklərin yerli sakinlərə çatdırılması üçün Ağdam-Xankəndi yolunda erməni tərəfinin quraşdırdığı beton bloklar və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca 24 saat ərzində Komitənin Laçın yolundan istifadəsinin genişləndirilməsi nəzərdə tutulurdu. İştirak edən bütün tərəflər, o cümlədən Rusiya sülhməramlı kontingenti və Beynəlxalq Qırmızı Xaç Komitəsi razılığın praktiki olaraq bir saat ərzində həyata keçirilməsinə başlamağa hazır idi. İkinci halda mərkəzi hakimiyyət nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün Yevlaxda keçirilməsi razılaşdırılmışdı.
Yaşar Əliyev- Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: "Təəssüflər olsun ki, avqustun 5-də Ermənistan qanunsuz qurulan rejimi vasitəsilə siyasi motivli və qeyri-qanuni ilkin şərtlər və müxtəlif bəhanələr irəli sürməklə hər iki razılaşmadan son anda geri çəkildi. Şübhə yoxdur ki, vəziyyətdən çıxış yollarını tapmaq üçün Azərbaycanın Rusiya, ABŞ, Avropa İttifaqı və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə sıx əməkdaşlıq etməsinə baxmayaraq, Ermənistan diplomatik səylərə qəsdən maneçilik törədir. Bunun yalnız bir izahı var - Ermənistan məsələni həll etmək niyyətində deyil. Bunun əvəzində beynəlxalq səviyyədə manipulyasiya və çaşqınlıq səylərini davam etdirmək məqsədilə regionda gərginliyi süni şəkildə alovlandırır".
Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu və orada yaşayan etnik ermənilərin Azərbaycanın sakinləri hesab edildiyini vurğulayan daimi nümayəndə bildirib ki, Azərbaycan hökuməti sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Budəfəki müzakirələr zamanı da bir sıra ölkələr Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edib, humanitar yardımın Ağdam-Bərdə yolundan istifadə edərək daşınmasını vacib sayıb. Belə ki, qardaş Türkiyədən başqa, iclasda Azərbaycanın mövqeyini ən azından dinləməyə çağırış edən ölkələr arasında Albaniya və Braziliya nümayəndələri də olub. Diplomatlar BMT-dəki həmkarlarına Xankəndi-Ağdam yolunun açıq olduğunu xatırladıblar.
Fərid Xoca- Albaniyanın BMT-dəki daimi nümayəndəsi: "Humanitar tələbatlar siyasiləşdirilməməli və digər məsələlərin çözümü üçün sui-istifadə olunmamalıdır. Humanitar tələbatlar hər yerdə, həmçinin Qarabağ regionunda təmin olunmalıdır. Fikrimizcə, söhbət humanitar məsələdən gedirsə, mümkün olan hər şeyi, bütün variantları nəzərdən keçirmək lazımdır. Bura digər yollar, həmçinin təklif olunan Xankəndi – Ağdam yolu da daxildir".
Serjio Franka Danese- Braziliyanın BMT-dəki daimi nümayəndəsi: "Braziliya Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünə hörmət edir. 9 noyabr sənədi sülhün qurulması üçün yol xəritəsidir. Braziliya Ağdam-Xankəndi yolundan istifadə məsələsini nəzərdən keçirməyə çağırır".
Şübhəsiz, bu müzakirələr Azərbaycan diplomatiyasının gücünü də bir daha göstərmiş oldu. Təsdiq olundu ki, beynəlxalq hüquq, haqq-ədalət Azərbaycanın tərəfindədir, ölkəmiz beynəlxalq səviyyədə böyük nüfuz qazanıb.
- Baxış: 413