Xarici işlər naziri Ceyhun Bayramov ilə Şimali Makedoniyanın xarici işlər naziri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı olub. Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatlarının sülh prosesinin irəliləməsinin qarşısının almağa hesablandığını bildirib. Xüsusilə, Ermənistanın bölgədə sabitliyin bərqərar edilməsi, erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya səylərinə təhdid törədən Laçın sərhəd keçid məntəqəsinə qarşı törətdiyi təxribatlarının bu ölkənin sülh prosesində maraqlı olmadığını göstərdiyi bildirilib. Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət”, “blokada” kimi iddialar irəli sürməsinin heç bir əsasının olmadığını, erməni sakinlərin tələbatlarının ödənməsi üçün tərəfimizdən təklif olunan “Ağdam-Xankəndi” yolunun fəaliyyətinə maneələr törədilməsinin də məsələnin Ermənistanın təqdim etdiyi kimi humanitar xarakterli deyil, siyasi olduğunu nümayiş etdirdiyini diqqətə çatdırıb.
- Baxış: 301