• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1357
— 09.08.2023 20:19

Günvurma ilə əlaqədar Təcili Tibbi Yardım stansiyalarına müraciətlərin sayı artıb

KepezTV Player

Son günlər havaların isti keçməsi həkimə müraciətlərin sayını artırıb. Vətəndaşlar daha çox günvurma ilə bağlı xəstəxanalara üz tuturlar.

Yay mövsümü başlayandan günvurma ilə bağlı TƏBİB-in tabeliyində olan Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə də müraciətlərin sayında artım müşahidə olunub. Avqustun ilk günlərindən başlayaraq günvurma şikayəti ilə müraciət edən vətəndaşların əksəriyyəti yaşlı nəslin nümayəndələridir.

Murad Paşayev- Gəncə Şəhər TTTYŞ -nin həkimi: "Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə günvurma halları ilə bağlı müraciətlərin sayı artmışdır. Əvvəlki aylarda gün ərzində təcili yardıma hardasa 1, 2 çağırış günvurmayla, isti vurmayla müraciətlər olurdusa, son 10 gün istilərin düşməsi ilə bağlı, günəşli havaların olmasıyla bağlı müraciətlərin sayı əvvəlki günlərə nisbətən artmışdır. Belə ki, gün ərzində hardasa 2,3 çağırış günvurma ilə, istilikvurma ilə olur. Ötən illərə nisbətən bu il çağırışların sayı nisbətən azdır. Bu da çox güman ki, bununla bağlıdır ki, əhali televiziya vasitəsilə maarifləndirilib".

Təbii ki, açıq havada olmaq sağlamlığın açarlarından biridir. Ancaq, isti günlərdə diqqətli olmalıyıq. Unutmamalıyıq ki, əgər insan uzun müddət istidə, günəş şüaları altındadırsa günvurma baş verə bilər. Bu, olduqca təhlükəli bir vəziyyətdir və ilk növbədə beyin, ürək-damar, tənəffüs sistemi və digər orqanlara təsir edir Günvurma uzun müddət xarici mühitdə qalma nəticəsində bütün bədənin həddindən artıq istiləşməsindən yaranan vəziyyətdir. Eyni zamanda, günvurma orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur.

Sevil Hüseynova- Gəncə Şəhər TTTYŞ -nin həkimi: "Havalar çox isti keçir, bununla bağlı günvurmalara rast gəlirik. Bunun əsas əlaməti halsızlıq, baş ağrısı, baş gicəllənmə, ürəkbulanma, hətta qusma da ola bilər. Temperatur qalxa bilər, hətta ağır vəziyyətə -  40-41 dərəcəyə də qalxa bilər, xəstə komaya düşə bilər, ağır günvurmalarda qıcolma tutmaları ola bilər. Ümumiyyətcə saat 11:00-dan 17:00 kimi mümkün qədər gəzintiyə çıxmaq məsləhət görülmür. Əgər vacibdirsə, ehtiyac varsa onda mütləq qarderobunuza fikir verin. Qarderob açıq rəngdə olmalıdır, sintetika olmamalıdır. Mümkün qədər pambıqdan olmalıdır ki, hava keçirsin. Kimisə gün vurubsa mütləq sərin yerə aparmaq lazımdır, açıq havaya aparmaq lazımdır".

Mütəxəssislər bildirirlər ki, günvurmanın ağırlıq dərəcəsi təkcə ətraf mühitin temperaturundan deyil, eyni zamanda, istiliyin orqanizmə təsir müddətindən də asılıdır. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə isə ölkə ərazisində isti hava şəraiti avqust ayının ortalarına qədər davam edəcək. Yay mövsümünün qızmar günlərinin hələ qabaqda olmasını nəzərə alaraq, özümüzü günvurmadan və onun ağır nəticələrindən mümkün qədər qorumalıyıq.