Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Azərbaycan dili də özünəməxsus zənginliyi ilə başqa dillərdən seçilir. Bu gün, yəni Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Günel Məmmədova- GDU-nun Azərbaycan Dili kafedrasının müəllimi: “Azərbaycan əlifbası 1918-ci ildə Xalq Cümhuriyyəti dövründə Latın qrafikasına keçidlə bağlı yaranmış bir dövrdür. Xalq cümhuriyyətindən sonra biz Sovet hakimiyyəti tərkibində qalmışıq və bununla bağlı olaraq Kiril əlifbasından istifadə etmək məcburiyyətində qalmışdıq. Ancaq 1991-ci ildə müstəqilliyimizi yenidən bərpa etdikdən sonra ümumilli liderimiz Heydə Əliyevin təşəbbüsü ilə biz yenidən müstəqil dilimizə qovuşmuşuq. Çox təəssüflər olsun ki, bu gün biz öz dilimizlə yanaşı digər dillərdən istifadə etməyə çalışırıq. Təbii ki, bu, bir tərəfdən inkişaf yönümündən baxanda yaxşı bir şeydir, amma digər tərəfdən isə öz dilimizi bilə-bilə ehtiyac yaranmadığı təqdirdə, bizim xarici dildən istifadə etməyimiz düzgün deyil, yəni hər bir dili yerli-yerində istifadə etsək, daha məqbul sayılar deyə hesab edirəm”.
Azərbaycan dilinin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən proses olub. Azərbaycan dili böyük inkişaf yolu keçmiş, zəngin tarixə malik qədim dillərdəndir. Amma təəssüf ki, dilimizin norma və qaydalarının kobud şəkildə pozulması faktlarına hər gün rast gəlirik. Xüsusən internet resurslarında ehtiyac olmadığı təqdirdə əcnəbi sözlərin istifadəsi ürəkaçan hal deyil.
Pərvanə Qurbanova- sakin: “İndiki zamanda normal baxmaq lazımdır. Çünki internet sistemidir, amma ki, hər halda qrammatikaya fikir versək daha münasib olar. Uşaqlar arasında, cəmiyyət arasında dil haqqında ümumi təbliğat aparılmalıdır ki dilçilik, ən önəmli də qrammatika bilinməlidir”.
Aytən Qurbanova- sakin: “Nitq qabiliyyətindən düzgün istifadə edilməlidir, nitq üslubundan düzgün şəkildə istifadə etmək lazımdır. Düzgün şəkildə yəni ki, yazılışa və tələffüzə düzgün riayət edilməlidir. Daha sonra isə bunlar üzərində bəzi təbliğatlar aparılmalıdır. Müəyyən tədbirlər keçirilməlidir və ya şifahi hansısa bir danışıq üslublarından istifadə edilməlidir, bu şəkildə dili inkişaf etdirmək mümkündür”.
Orxan İsmayılov- sakin: “Mən özüm Rusiyada yaşamışam, istər-istəməz Rus sözlərindən istifadə edirik. Mən demirəm ki, çox pisdir, amma nə qədər olmasa, insan öz dilinə hörmət etməlidir. Dil itsə, Millət itir, dil yaşamalıdır!”
Səlim Tofiqli- sakin: “İndiki halda doğurdan da yazılışda Ş hərfi əvəzinə W qoyurlar, sözlərin bəzilərinə Ə əvəzinə E qoyurlar. Mən özüm Rus sektorunu bitirmişəm, elə olur ki, mənim özüm də yazıların çoxsunu Rus dilində yazıram, sonra fikirləşirəm ki, mən niyə Rus dilində yazıram?! Düzəltmək üçün çox kitab oxumaq lazımdır, çalışdığımız qədər bilmədiyimiz söz olanda evdəkilərdən soruşmaq lazımdır”.
Ruhiyyə Qafarova- sakin: “Türk dilindən, Rus dilindən istifadə olunur, çünki əvvəldən Rus dilindən istifadə olunub. Məncə təbliğat etmək lazımdır, efirlərdə çox göstərmək lazımdır ki, hansı sözlərimizi, bunu bu cür demək lazımdır, hamı vərdiş etsə düzələr”.
Artıq dilimizin inkişafı ilə əlaqədar olaraq bir sıra uğurlar əldə edilir. Elmi kitablar, məqalələr bu dildə nəşr olunur, konfranslar, müşavirələr bu dildə aparılır, beynəlxalq tribunalarda digər dillərlə yanaşı ana dilimiz də səslənir. Bizim vəzifəmiz isə bu qədim və köklü dili qoruyub, gələcək nəsillərə düzgün şəkildə ötürməkdir.
Fərid Mehdiyev
- Baxış: 392