• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 696
— 02.08.2023 19:13

Prezident: "Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi"

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Prezident dünyanın da diqqətində olduğu məsələlərə toxunub, Azərbaycan - Ermənistan münasibətlərindən, sülh müqaviləsindən danışıb, Qarabağda yaşayan insanların seçim etməli olduğunu bildirib. 

"Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o, uğurla başa çatdı". Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar.

İlham Əliyev- Azərbaycan Prezidenti: “Biz müharibədə qalib gəldik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda yaşayan insanlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”.

Azərbaycan Prezidenti bildirib ki, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Dövlət başçısı bildirib ki, bu görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir.

İlham Əliyev- Azərbaycan Prezidenti: "Sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik”.

"Aprelin 23-dən sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib". Bunu Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib. Dövlət başçısı iyunun 15-də Ermənistanın digər hərbi təxribata əl atdığını və sərhədçilərimizdən birinin yaraladığını vurğulayıb. 

İlham Əliyev- Azərbaycan Prezidenti: "Yol araşdırmaya görə müvəqqəti olaraq bağlı idi. Sonra yol təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkarlandı. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Lakin bu yük maşınlarının üzərində Qırmızı Xaçın emblemi var idi və sürücülərin uniformaları üzərində də emblemlər var idi. Beləliklə, yol yenidən bu şəkildə bağlanıldı və biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik”.

Prezident əlavə edib erməni icması beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq.

Azad Mustafayev