• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 993
— 25.07.2023 20:35

Yay qripindən necə qorunmalı?

KepezTV Player

İsti havaların bizi qripdən qoruyacağını düşünsək də, yay aylarında qızdırma, halsızlıq, əzələ ağrılarıyla gələn şikayətlər qripin əlamətləri ola bilər. Burun axıntısı, səs tutulması, tərləmə, hətta qızdırma ilə ortaya çıxan, adi qriplə eyni simptomları daşıyan yay qripinə yoluxmağın müxtəlif səbəbləri var. Həkimlərin yay qripindən qorunmaq üçün gərəkli tövsiyələri var.

Bu xəstəlik yay qripi kimi tanınan və məhz isti havalarda özünü göstərən qrip növüdür. Amma adi qripdən fərqli olaraq, yay qripi soyuqdəymədən yox, istivurmadan əmələ gəlir. Günəş şüaları altında uzun müddət qaldıqda və ya istivurma zamanı qripəbənzər əlamətlər müşahidə olunur.

Amil Rəhimli- terapevt: “Yay qripi dedikdə, virus infeksiyalarının deyil, bəzi insanlar vardır ki, günəşə qarşı özəl allergiyaları vardır. Məsələn, günəşə çıxanda onlarda allergik xəstəliklər təkrarlanır. Qısacası, Günəş allergiyası deyim. Bunlar da burun axıntısı, boğaz ağrısı, öskürəklə gedir deyə, qrip kimi görsənə bilir. Amma virus infeksiyalarının törətdiyi qrip ayrı, bu, ayrı bilinməlidir”.

Bu xəstəliyə el arasında “yay qripi” və ya “gün qripi” də deyirlər. Xəstəliyə, əsasən kondisionerdən istifadə və ya çimərlikdə üşümə səbəb olur.

Amil Rəhimli- terapevt: “Belə insanlara tövsiyəmiz odur ki, istər viral infeksiya olsun, istər allergik olsun, mütləq həkimə müraciət edib, müalicə alsınlar. Əgər Günəşə bağlı allergiya durumu əmələ gəlirsə və ya qrip əmələ gəlirsə, onlar mütləq Günəşdən mümkün qədər uzaq durmalıdırlar. Çıxacaqları saatı elə seçməlidirlər ki, Günəşlə çox təmasda olmasınlar”.

Mütəxəssislər deyir ki, yay qripinə yoluxma səbəbləri fərqli olduğu üçün soyuqdəymə zamanı istifadə olunan dərmanlar müalicə üçün tətbiq edilməməlidir. Bu, xəstəliyə təsir etməyəcək, əksinə digər sağlamlıq problemlərinə və yan təsirlərə gətirib çıxara bilər.

Amil Rəhimli- terapevt: “Ümumiyyətlə, viral infeksiya virusu olduğu üçün digər tərəfdən də allergiya törətdiyi üçün, iki prosesdə də antibiotikin heç bir rolu yoxdur. Ümumiyyətlə xəstələrə məsləhətimiz, həkimə demədən heç bir dərman preparatı, özəlliklə də antibiotik istifadə etməsinlər. Ən çox rast gəldiyimiz yaş qrupu orta yaşlarda olur. Çünki, allergik durumlar olduğu üçün, ən çox müraciət edən orta yaşdır”.

Hazırda qrip virusunun 2000-dən artıq variantı elmə məlumdur. Növündən asılı olmayaraq qrip ağır forma aldıqda xəstəni evdə saxlamaq onun vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Xəstə qızdırmalı dövründə yataq rejimində qalmalı, vitaminlə zənginləşdirilmiş məhsullar onun əsas qidası olmalıdır. Qripin qızdırmalı dövründə bol maye içmək məsləhətlidir, çünki yüksək qızdırması olan insan böyük həcmdə maye itirir. Xəstənin qaldığı otağın havası tez-tez dəyişdirilməlidir.

Aişə Rzayeva