Göygöl rayonunun dağətəyi ərazilərində taxıl biçininə start verilib. Bu il ötən ilə nisbətən məhsuldarlıq aşağı olacaq. Bu da səbəbsiz deyil, ətraflı qarşıdakı süjetdə.
Göygölün dağlıq bölgələrində biçinə 2-3 gündür başlanılıb. Hazırda Şəhriyar, Zurnabad, Çaykənd, Toğanalı, Qarabulaq və Yeni Zod kəndlərində proses davam edir. Dağlıq ərazilərdə taxıl dəmyə şəraitdə becərildiyindən, bitkinin yetişmə fazasında yağıntının vaxtında düşməsi mühüm rol oynayır. Ancaq bu il yağıtıların həm çox, həm də vaxtında düşməməsi çətinliklər yaradıb. Belə ki, əlverişsiz hava şəraiti bitkinin yetişməsinə mənfi təsir etməklə yanaşı, biçinin gecikməsinə də səbəb olub. Cari il havanın yağıntılı keçməsi bütün ölkədə olduğu kimi, Göygöldə də məhsuldarlığa təsir edib. Ötən illə müqayisədə bu il məhsuldarlıq 10 sentner aşağı düşüb.
Ötən il taxıl biçini zamanı hər hektara görə 31-32 sentner məhsul götürmüşdülərsə, cari il bu göstərici 20-21 sentner olub.
Bu il 6 hektara yaxın arpa və buğda əkən fermer Ağbala Xəlilov deyir ki, yağıntıya görə biçin ləngisə də hektar başına götürdüyü məhsul qənaətbəxşdir.
Göygöldə dağlıq ərazilərin taxıl biçininə 40-a yaxın kombayn cəlb olunub. Texnikanın kifayət qədər olması prosesin vaxtında yekunlaşmasına şərait yaradacaq. Rayonda taxıl biçinin 2 həftəyə tamamlanması planlaşdırılır. Rayonda cari il 5044 hektar ərazidə taxıl əkilib. Becərilən sahələrin 3284 hektarı buğda, 1760 hektarı isə arpadır.
Orxan Cəfərzadə
- Baxış: 1451