• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 920
— 21.07.2023 16:18

Abdulla Surun anadan olmasının 140 illiyi və Milli Mətbuatın 148-ci ildönümünə həsr edilən dəyirmi masa

KepezTV Player

Gəncədə ictimai xadim, maarifçi, müəllim, ədəbiyyatşünas Abdulla Surun anadan olmasının 140 illiyi və Milli mətbuatın 148-ci ildönümünə həsr edilən dəyirmi masa keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində baş tutan tədbirdə Abdulla Surun keçdiyi keşməkeşli həyat yolundan və yaradıcılığından bəhs edilib. "Əkinçi" qəzetinin nəşri ilə qoyulan milli mətbuat tarixinə nəzər yetirilib. Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında jurnalistlərin fəaliyyətinin önəmi vurğulanıb.

Əlimuxtar Muxtarov- AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru: “Abdulla Sur Türkiyədə təhsil almışdır və o, Türkiyədə də qalıb işləyə bilərdi, Bakıda da, Tiflisdə də işləyə bilərdi, amma o, Gəncəyə qayıtdı. Çünki, Gəncəyə bağlı bir insan idi. Təsadüfi deyildi ki, özünün təhsil aldığı Gəncə Xeyriyyə Məktəbində 17 yaşında müəllimliyə başlamışdır. Onun rəhbərliyi altında, onun müəllimliyi dövründə, o dövr üçün Azərbaycanımız üçün çox dəyərli şagirdlər, mütəfəkkirlər yetişdi”.

Nüşabə Əsəd Məmmədli- Əməkdar jurnalist: “Abdulla Sur bizim ümumiyyətlə gələcəyimiz üçün fəaliyyət göstərən ziyalılardan idi, görkəmli filoloq, görkəmli ədəbiyyatşünas, tərcüməçi idi. Çox qısa ömür yaşadı - 29 il və çox əziyyətlə yaşadı. Sabah mətbuat günüdür, mən bütün mətbuat işçilərini, o cümlədən bütün xalqımızı bu münasibətlə təbrik edirəm, çünki, mətbuat dünyaya bir güzgü idi, pəncərə idi, o, 1875-ci ildə Azərbaycanın üzünə açıldı”.

Rəfiqə Sadıqova- “Gəncənin səsi” qəzetinin baş redaktoru: “Bu gün internet var, televiziya var, lakin çap mediası yenə də öz varlığını qoruyub saxlaya bilir. İnsanların səfərbəredici qüvvəsini bir yerə yığa bilir. Ən başlıcası vətənpərvərlik mövzusunu təqdim edir. Bunun təsdiqini 44 günlük müharibə zamanı bir daha gördük. Azərbaycan Milli Mətbuatı inkişaf etdikcə, onun çap mediası da onunla birlikdə yüksəlir və insanların inamını qazana bilir”.