Dövlət Məşğulluq Agentliyi tərəfindən Gəncədə əmək yarmarkası keçirilib. İşaxtaranlara 800-dən çox vakant iş yeri təklif olunub. Gəncə və ətraf ərazidə yaşayan sakinlər məşğulluqlarını təmin etmək üçün 70 müəssisə tərəfindən çıxarılan vakant iş yerlərini dəyərləndiriblər. İş təklifləri iqtisadi fəaliyyət növünə görə, regionun əmək bazarının tələbatına uyğun olaraq istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, turizm, kənd təsərrüfatı, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, emal, xidmət və istehsal sahələrini əhatə edib. Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 300-2000 manat arasında dəyişib. Eləcə də, Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumat verilib. Yarmarkada öz kiçik biznesini qurmaq istəyən şəxslərin özünüməşğulluq proqramına, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlərinsə peşə hazırlığına cəlb edilməsi üçün qeydiyyatı da aparılıb.
- Baxış: 378