• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1789
— 11.07.2023 20:18

Qitə yarışında uğur qazanan gəncəli güləşçilər doğma şəhərə dönüblər

KepezTV Player

Macarıstanın Kapoşvar şəhərində keçirilən U-15 Avropa çempionatında rekorda imza atan sərbəst güləş üzrə millimizin tərkibində 3 gəncəli pəhləvan da yer alıb. Nizami yurdunun yetirmələri 2 gümüş və 1 bürünc medal qazanaraq, yığmamızın komanda hesabında yeni uğura imza atmasında rol oynayıblar.

Qitə birinciliyində 48 kq-da güləşən Həsən Həsənov bürünc medal qazanıb. İlk çıxdığı 1/8 final mərhələsində rus idmançıya uduzan Həsən rəqibi finala yüksəldiyi üçün təsəlliverici görüşlərə qatılıb. Arda-arda İsrail və Fransa təmsilçilərini üstələyən güləşçimiz bürünc medal uğrunda Moldova güləçisini də məğlub edərək yarışı öz çəkisində 3-cü sırada tamamlayıb. Avropa çempionatında 52 kq çəkidə çıxış edən Hüseyn İsmayılov Kosova, Polşa, Türkiyə və komanda yoldaşı Fərid Ağasızadəni yenərək finala vəsiqə əldə edib. İlk dəfə iştirak etdiyi qitə yarışının həlledici görüşündə rus idmançıya məğlub olaraq gümüş medalla kifayətlənib. Gəncəli güləşçilərdən ən parlaq çıxışa isə İsa Yusibov imza atıb. Moldova və Yunanıstanlı rəqiblərini 11:0, Türkiyə idmançısı və ən prinsipinal görüşü olan erməni güləşçisi ilə qarşılaşmanı tuşe, yəni kürəyini tam döşəyə vuraraq qalib gələn İsa finalda Rusiyalı idmançı ilə üz-üzə gəlib. Gərgin keçən mübarizədə 10:5 hesabıyla yenilən gəncəli güləşçi gümüş mükafata yiyələnib. Hər üç pəhləvan doğma şəhərlərinə qayıdıblar. Onlar üçün Heydər Əliyev parkının girişindəki zəfər tağında qarşılanma mərasimi təşkil olunub. İdmançıları idman ictiamiyyətinin nümayəndələri, məşqçiləri, ailə üzvləri qarşılayıblar. Hər 3 güləşçiyə gələcəkdə daha böyük uğurlar qazanmaları arzulanıb.

Güləşçilərin qarşılanma mərasimində Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov da iştirak edib. İdarə rəhbəri güləşçilərin çıxışını dəyərləndirib.

Qitə birinciliyində 3 gümüş və 6 bürünc olmaqla 9 medal qazanan millimiz komanda hesabında yalnız Gürcüstandan geri qalıb. Avropa ikincisi olan yığmamız 145 xal toplayıb ki, bu da U-15 Avropa çempionatları tarixində sərbəst güləş millimizin yeni rekordudur. Gəncəli güləşçiləri qarşıda dünya çempionatı gözləyir.

Orxan Cəfərzadə