• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1885
— 10.07.2023 19:29

Abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbuluna başlanılır

KepezTV Player

Bu gündən Dövlət İmtahan Mərkəzi beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbuluna başlayır. Eləcə də ölkəmizi beynəlxalq idman, incəsənət, təhsil yarışlarında təmsil edərək mükafata layiq yerlər tutan şəxslər eynilə müsabiqədənkənar tələbə adına layiq görülür. Qarşıdakı süjetdə daha ətraflı.

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, beynəlxalq və Respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, Beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunanlar, IX-XI sinif şagirdləri arasında keçirilən Respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutanlar və beynəlxalq müsabiqənin və ya yarışın laureatı olmuş şəxslər nəzərdə tutulur.

Nəsimi Məmmədov- DİM-in Gəncə Regional Bölməsinin müdiri: “Burada qəbul qaydalarına uyğun olaraq respublika fənn olimpiadalarının, istərsə də idman yarışları üzrə qaliblər, son fənn olimpiadaları üzrə beynəlxalq fənn olimpiadalarının qalibləri üçün tam orta təhsil səviyyəsini bitirdikdən sonra 2 il müddətinə qüvvədədir. İdman yarışlarıyla bağlı müsabiqədə iştirak edən, Avropa və dünya çempionatlarında iştirak edən namizədlərə respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 5 il müddətinə müsabiqədənkənar iştirak etmək hüququ verilir. Yəni deyək ki, bir müsabiqənin qalibi, fənn olimpiadası üzrə tam orta təhsil səviyyəsini bitirən 2 il müddətini keçdikdən sonra yenidən həmin müsabiqənin qabiliyyəti olaraq ixtisas seçimi mərhələsində birbaşa seçimdə iştirak etmək hüququnu itirir. Ancaq hər bir abituriyent və bakalavrlara bir dəfə bir ixtisas seçimi mərhələsində iştirak etmək hüququ verilir”.

DİM tərəfindən aparılan araşdırmalar göstərir ki, müsabiqədənkənar müraciətlərin əksəriyyəti idman yarışları üzrə beynəlxalq yarışların, Avropa və dünya çempionatlarında mükaftalayiq yerlər tutan şəxslərdir. Onların sırasında Gəncədən olan sərbəst güləşçilər də var. Bunlar hazırda yığma ilə birgə təlimdə olan Bəşir Verdiyev və Camal Abbasovdur.

Camal Abbasov- güləşçi: “Sərbəs güləş üzrə Avropa çempionatının qalibi olduğum üçün ali təhsil müəssisəsinə qəbul olmaq istəyirəm. Onun üçün imtahan verəcəm və Avropa çempionatının qalibi olduğum üçün ali təhsil müəssisəsinə müsabiqədənkənar iştirak edirəm və bu şəraiti yaratdığı üçün AGF-na və Gənclər və İdman Nazirliyinə təşəkkürlərimi bildirirəm”.

Bəşir Verdiyev- güləşçi: “Sərbəst güləş üzrə Dünya çempionatının gümüş mükafatçısıyam. Ali təhsil müəssisəsinə qəbul olmaq istəyirəm və onun üçün imtahan verəcəm. Dünya çempionatının gümüş mükafatçısı olduğum üçün ali təhsil müəssisəsində müsabiqədənkənar iştrak edirəm. Mənim xəyallarımdan biri də Gəncə Dövlət Universitetinin idman fakültəsinə qəbul olmaqdır”. 

Gəncənin orta məktəb təmsilçiləri də qazandıqları uğura sevinə bilərlər. Respublika fənn olimpiadasının tarix fənni üzrə qızıl medalçısı Zəkiyyə Hüseynova və Beynlxalq elm olimpiadasının bürünc mükafatçısı Dərya Namazova da müsabiqədənkənar tələbə adını qazananlardandırlar.

Zəkiyyə Hüseynova- Respublika fənn olimpiadasının qızıl medalçısı: “Gəncə şəhər 4 № məktəbin məzunu olmuşam. Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə girmək istəyirəm. İmtahandan 655 bal toplamışam və Respublika fənn olimpiadasının tarix fənnindən birincilərin birincisi olmuşam - qızıl medal qazanmışam. Təhsil Nazirliyinə belə gözəl olimpiadalar təşkil etdiklərinə görə böyük təşəkkürümü bildirirəm, çünki bu olimpiada mənim gerçəkdən çox xoşuma gəldi. Mən bütün abituriyentlərə, əsas da 11-ci siniflərə tövsiyəm var ki, iştirak etsinlər. Olimpiada imtahan kimi deyil, yəni olimpiadada mən tarix fənnindən iştirak edirdim, yalnız tarix yox, orda dili də bilmək lazımdır. Həm də insanın yaradıcılıq qabiliyyətləri olmalıdır”.

Dərya Namazova- Beynlxalq elm olimpiadasının bürünc medalçısı: “Bu il fizika-riyaziyyat və informatika təmayüllü liseydən məzun olmuşam. İndiyə qədər müxtəlif yarış və olimpiadalarda iştirak etmişəm, bunlardan biri Beynəlxalq elm olimpiadasıdır. Dubayda baş tutan, 66 ölkə arasında keçirilən bir yarış idi. Burada ölkəmi təmsil edərək, bürünc medala layiq görülmüşəm. Bundan başqa, riyaziyyat fənni üzrə 3 dəfə Respublika fənn olimpiadalarında qalib olmuşam. Son 3-4 ildəki qərara əsasən Beynəlxalq fənn olimpiada qalibləri və respublika qalibləri ödənişsiz şəkildə Azərbaycan universitetlərində müsabiqədənkənar olaraq təhsil ala bilirlər və bu imkandan yararlanan bir çox şagird var. Mən də öz ixtisasım olan kompyüter mühəndisliyi ixtisası üzrə istənilən universitetdə təhsil ala bilərəm”.

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibi olan abituriyent və bakalavrlar müvafiq sənədlərini iyulun 21-dək DİM-ə təqdim etməlidirlər.

Fərid Mehdiyev