• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1711
— 04.07.2023 19:07

“Turan Tovuz” yeni mövsüm ev oyunlarını axşam saatlarında keçirə biləcək

KepezTV Player

Ötən mövsüm 9 illik aradan sonra premyer liqaya qayıdan “Turan Tovuz” yeni sponsor tapdıqdan sonra qarşıdakı çempionatda iddiasını ortaya qoymaq istəyir. Bunun üçün komandanın heyətinin gücləndirilməsi ilə yanaşı stadionda da yenidənqurma işləri aparılır.

Uşaq futbolunun inkişafına xüsusi önəm verən klub, arenanın ərazisində ikimərtəbəli yeni binanın inşasına start verib. Futbolun sirlərini öyrənmək istəyən uşaq və yeniyetmələri hər cür şəraitlə təmin etmək üçün iki həftədir tikintisinə başlanan işlər yekunlaşdıqdan sonra bina “Turan Tovuz” Futbol Akademiyasının sərəncamına veriləcək. Tikilidə yataq otaqları, akademiyanın məşqçiləri üçün iş və məşğələ otaqları, konfrans və fitnes zalları, tibb və digər zəruri otaqlar nəzərdə tutulub.

Stadionda eyni zamanda qonaq komanda üçün skayboksun təmirinə də başlanılıb. Hazırda adıçəkilən məkanda suvaq işləri görülür.

Tovuz şəhər stadionunda yenidənqurma işləri çərçivəsində projektorlar da quraşdırılır. Yeni işıqlandırma sistemi qurulduqdan sonra yeni mövsümdən oyunların axşam saatlarında keçirilməsinə imkan yaranacaq.

Projektorların dəmir konstruksiyaları artıq arenaya gətirilib. Təməlinin bərkitmə işləri başa çatdıqdan sonra quraşdırılacaq dirəklərə led lampalar bərkidiləcək. İşıqlandırma sisteminin təminatlı olması üçün sadionda yeni qidalandırıcı generatorlar da qurulur. Akademiya üçün tikilən yeni binanın isə gələn il inşasının yekunlaşması planlaşdırılır.

Orxan Cəfərzadə