• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2278
— 29.06.2023 19:42

Passiv siqaret çəkmə daha təhlükəli hesab olunur

KepezTV Player

Hazırda siqaret çəkməyən insanlar da bəzi hallarda tütün tüstüsünü məcburən udmağa məruz qalır. Buna passiv siqaret çəkmə deyirlər. Yəni, siqaret çəkməyən insanlar siqaret tüstüsünü udur və bu, onların orqanizminə mənfi təsir göstərir. Mütəxəssislər deyir ki, siqaretin passiv formada çəkiləni aktivə nisbətən daha təhlükəli hesab olunur.

Tədqiqatlar göstərir ki, passiv siqaret çəkmə son zamanlar daha geniş vüsət alıb. Kişilərin 70 faizi ictimai yerlərdə, qadınların isə 40 faizi evlərində tütün tüstüsünə məruz qalır. Yəni tütün istifadəçiləri özləri ilə bərabər ətrafdakıların da sağlamlığına ziyan vururlar.

Passiv siqaret çəkmə aktiv siqaret çəkmədən daha zərərlidir. Çünki siqaret çəkən şəxs tüstünün filtrdən keçən hissələrini qəbul edir. Üstəlik, bu hissə tüstünün cəmi 35-40%-ni təşkil edir, yerdə qalan 60-65%-i isə siqaretin özünün yanması zamanı əmələ gəlir və ətrafdakı insanlar tərəfindən udulur.

Şirxan Vəliyev- həkim: “Passiv siqaret çəkmə dedikdə özü aktiv olaraq istifadə etməyən, ancaq mütəmadi olaraq siqaret tüstüsünün təsirinə məruz qalan insanlar nəzərdə tutulur. Bu, ən az aktiv siqaret çəkən qədər zərərlidir. Hətta, daha zərərli olduğunu iddia edən mənbələr var. Çünki, aktiv siqaret çəkənlərin ağciyərləri siqaret tüstüsünə adaptasiya olmuş olur. Passivlərdə isə ağciyər buna adaptə deyil, amma siqaret tüstüsünə passiv olaraq məruz qalır və bu, daha çox ziyan verir. İlk öncə əlbəttə, ağciyərlərə ziyandır. Ağciyər toxumasına, bronxlara ziyan yetirir. Öz növbəsində ürəyə, qan dövranına. Siqaret çəkənlərin zərər gördüyü bütün patalogiyalarla bunlarda da rastlaşmaq olur”.

Siqaret dumanı ən çox da uşaqlara mənfi təsir göstərir. Çünki, valideynlər bu zərərli vərdişi onların yanında icra edən zaman azyaşlılar həm passiv tüstüyə məzur qalırlar, həm də onlara pis örnək olurlar. Özləri də bilmədən gələcəkdə xoş olmayan tendensiyanın başlamasına zəmin yaradırlar.

Afət Məmmədova- pediatr: “Valideynlər istifadə edərkən onun tüstüsü nə qədər ki, özünə ziyandır, bir o qədər də ətrafdakılara ziyan vurur. Uşaqlarda yuxarı tənəffüs yollarında problemlər olur, öskürmələr olur. Boğazda qıcıq yaranır. Onların boğulmalarına kimi gətirib çıxarır. Ən çox erkən yaşlı uşaqlarda o boğulmalara rast gəlinir. Bir az daha böyüklərdə qıcıq, boğazın selikli qişasında qızarmalar olur, öskürmələr olur. Valideynlərə tövsiyə edirik ki, birinci növbədə özləri çəkməsinlər. Əgər onlarda asılı vəziyyət yaranıbsa, onu uşaqların yanında çəkməsinlər. Zərəri o qədər yüksəkdir ki, özlərindən çox ətrafa təsir edirlər”.

Araşdırmalar göstərir, ki dünyada hər il 7 milyon insan tütün tüstüsünün təsirindən, onun yaratdığı xəstəliklər nəticəsində dünyasını dəyişir. Bunların arasında 900 min nəfərini isə passiv tütün çəkənlər təşkil edir.

Aişə Rzayeva