• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1103
— 24.06.2023 20:37

60-dək xarici diplomat və hərbi attaşenin səfəri

KepezTV Player

Yenidən qurulan, abadlaşan Laçın bu dəfə əcnəbi diplomatları qarşılayıb. Belə ki, Azərbaycanda akkreditə olunan 33 ölkədən və 10 təşkilatdan ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşe Laçına səfər edib. Səfər çərçivəsində xarici diplomatlar Ermənistanla Azərbaycan arasında sərhəd keçid məntəqəsinin yerləşdiyi körpüyə gəliblər. Onlara Ermənistanın, bir hərbçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib. Bildirilib ki, silahlı təxribata qədər sərhəd keçid məntəqəsi açıq olub. Xankəndidə yaşayan erməni əsilli sakinlər məntəqədən heç bir maneə olmadan istifadə edib.

Qonaqlar daha sonra Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar. 1 Dekabr küçəsində salınan ilk yaşayış məhəlləsinə baxış keçirilib, artıq yurd-yuvasına geri dönmüş sakinlərlə söhbət ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.

Kayrat Osmonaliyev- Qırğızıstanın Azərbaycandakı səfiri: “Bildiyimiz kimi, Laçın illərlə işğal altında olub. Dəyişiklikləri, insanların artıq burada yaşadığını gördüyüm üçün fərəhlənirəm. Düşünürəm ki, Laçın hazırki mövsüm üçün kurort zonasıdır. Təəssüratlarımız gözlənilməz oldu. Burada yüksək səviyyədə dünya standartlarına uyğun tikililəri, infrastrukturu görməyi gözləmirdim. Ümumiyyətlə, biz artıq ötən il maraqlarımızı hökumət başçıları səviyyəsində ifadə etmişik. Ötən il 2 görüş baş tutub. Birincisi, Qırğızıstan prezidnetini Azərbaycana səfəri, İkincisi, Azərbaycan prezidentinin Qırğızıstana səfəri oldu. Nəticədə, Qırğızıstan infrastruktur layihələrində iştirak etməkdə maraqlı olduğunu bildirib”. 

Atilla Çarnai- Macarıstanlı jurnalist: “Təəssüf ki, ermənilərin mülki azərbaycanlılara qarşı amansız rəftarının şahidi olmuşdum. Çoxlu qaçqın, çoxlu meyitlər görmüşdüm. Bütün bunları görmək dəhşətli idi. İndi mən son dərəcə şadam ki, bütün bunlar arxada qaldı və illər əvvəl Qarabağı tərk etməyə məcbur olan insanlar çiçəklənən regiona qayıdacaqlar. Bu, mənim Laçına ilk səfərimdir. Şəhərdə aparılan yenidənqurma işlərinin sürəti məni heyran etdi. Keçmiş məcburi köçkünlərin yaxın vaxtlarda öz evlərinə qayıda biləcəklərinə ümid edirəm”.

Azad Mustafayev