• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1426
— 23.06.2023 20:17

Prezident: "Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması çox güclü siyasi iradəmizin göstəricisidir"

KepezTV Player

Bizim üçün bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa olunmasıdır. Prezident İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı belə deyib. Dövlət başçısı Laçın sərhəd buraxılış məntəqəsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanla-Ermənistan arasında sülh prosesinin gedişatı haqqında məlumat verib.

Dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı ordu quruculuğu istiqmaətində kompleks tədbirlər görüldüyünü bildirib.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür”.

Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. -deyən dövlət başçısı, Azərbaycanın hələ də özünü təmkinli apardığını vurğulayıb.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibik. Biz o mövqelərdə möhkəmlənirik. Strateji yüksəkliklərdə olmağımız bizə strateji üstünlük təmin edir. Yenə də deyirəm, biz son iki il yarım ərzində Ordumuzu böyük dərəcədə gücləndirmişik. Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır”.

“Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq. Əks təqdirdə bizim də addımlarımız adekvat olacaq”, deyən dövlət başçısı Azərbaycana qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyətinin olmadığını bildirib. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Biz erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq. Buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır. Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz. Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə şəkillər çəkdirirlər, bizə hansısa mesajlar ünvanlayırlar. Hünərləri varsa gəlsin, yaxınlaşsın bizim sərhədimizə. O vaxtlar artıq tarixdə qaldı. Bəzi Avropa ölkələrinin rəsmi nümayəndələri bizim ərazimizə, Xankəndiyə icazəsiz soxulmuşdular. Mən o vaxt demişdim ki, əgər bizim bundan xəbərimiz olsaydı, onları buraxmayacaqdıq. Bu gün də deyirəm, hünəriniz varsa gəlin, görək, sonra axırınız nə olacaq?!”

Ali Baş komandan Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılmasının Azərbaycanın çox güclü siyasi iradəsinin göstəricisi olduğunu qeyd edib. Həmçinin Ermənistanla sülh müqaviləsi üçün şərtləri bir daha xatırladıb. Ermənistanın keçən ilin oktyabr ayında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını, ötən ay isə hətta ölkəmizin ərazisinin parametrlərinin qeyd olunduğunu bildirən dövlət başçısı həmin bu ifadələrin kağız üzərində də olmasının və Ermənistanın buna imza atmasının zəruriliyini diqqətə çatdırıb. Deyib ki, belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Prezident İlham Əliyev sülh üçün digər mühüm şərtlərin Zəngəzur dəhlizinin açılmasının və Ermənistan ordusunun silahlı birləşmələrinin Qarabağ bölgəsindən çıxarılmasının olduğunu vurğulayıb.

Fərid Mehdiye