• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 796
— 13.06.2023 19:20

Qazlaşma daha 200 abonentin mənzilini isidəcək

KepezTV Player

Uzun illərdir mavi yanacaqdan istifadə etməyən Aşıqlı sakinləri deyəsən bu il qazın istisinə isinəcəklər. Göygöl rayonunun adıçəkilən kəndinin qazaşdırılması buna imkan verəcək. İşlərin nə yerdə olduğundan əməkdaşlarımız xəbər verir.

Sakin: “Belə odun gətirib, taxta yandırırıq. 10 ildir ki, Aşıqlı kəndində yaşıyıram. Birinci Qarabağ veteranıyam. Oğlum İkinci Qarabağ veteranıdır, 6 medalı var. Qazimiz olmayıb, məcbur olub meşədən, qapımızdan ağacları kəsib yaşamışıq”.

Rayon mərkəzindən təxminən 20 km aralıda yerləşən Aşıqlı kəndinin sakinlərinin günü belədir. Odun hesabına isinib, yemək bişirir və digər ehtiyaclarını ödəyirlər. Hətta yanacaq üçün ətraf kəndlərə də üz tuturmağa məcbur olurlar. 

Minayə Allahverdiyeva- şəhid anası: “Evləri isidə bilmirdik, yemək hazırlaya bilmirdik. Meşəni də qırmaq olmur, yaşıllıqdır. Quru odunu da tapmaq olmur”.

200 evin olduğu kənddə sakinlərin qayğısı havalar soyuduqca daha da artırdı. Çünki odun tapmaq problemə çevrilir, əziyyət və maddiyyat kəndlilər üçün çətin vəziyyət yaradırdı. Amma bu qış fərqli mənzərənin şahidi olacaq Aşıqlı sakinləri. 1 aya yaxındır "Azəriqaz" tərəfindən kəndin qazlaşdırılması üçün işlərə başlanılıb. Artıq 1 km-dən artıq boruların çəkilişi də yekunlaşıb. Qazın təzyiqinin tənzimlənməsi üçün siyirtmələr qoyulur.

Göygöl rayonunun Aşıqlı kəndində görülən işlər çərçivəsində təxminən 4 küçədə mavi yanacağın çəkilişi başa çatıb. Digər 2 küçədə isə işlərin bu ayın sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

Çərkəz Quliyev- sakin: “Odun, çırpı gətirirdik, çox əziyyət çəkirdik. Qazımız yox idi. İndi şükür qazımız olacaq”.

İsmayıl Cəbrayılov- müharibə veteranı: “Gedib, meşədən odun qırıb, gətirib, isidirdik. Körpə nəvələrim var. İndi şükür, düzəlir. Minnətdarıq”.

Daşıyıcı xətlərin çəkilişi yekunlaşdıqdan sonra evlərə birləşmələr aparılacaq və sayğaclar quraşdırılacaq. Bununla əhalinin dayanıqlı, fasiləsiz mavi yanacaqdan istifadə edə bilməsi üçün işlərin yekunlaşdığını demək olar. 

Elçin Aşurov- Göygöl rayon Xidmət Sahəsinin ustası: “200-ə yaxın abonentə qaz veriləcəkdir. Daimetri 76 mm-lik boru ilə çəkilib. Hazırda diametri 57 mm-lik xətt çəkilişi davam edir. İşin yekunlaşmasına az qalıbdır. Məqsədimiz odur ki, əhalini mavi yanacaqla təmin edək”.

Bununla paralel olaraq Göygölün Gəncə kəndinin 500-ə yaxın sakini və Quşqara kəndində 100-ə yaxın abonent də bu qışı qazdan istifadə edə biləcək. Rayonun Qızılca kəndinə də yeni qaz xəttinin çəkilməsi nəzərdə tutulur. 

Elnur Vahidoğlu