• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1521
— 02.06.2023 20:33

Əsaslı təmir olunan xəstəxanada yeni şöbələr yaradılır

KepezTV Player

Gəncənin ən böyük xəstəxanalarından olan Akademik Zülfüqar Məmmədov adına Xəstəxanada əsaslı təmir işlərinə başlanılıb. Görülən işlər çərçivəsində tibb müəssisəsində yeni şöbələr də yaradılır. Müasir standartlara cavab verən, eləcə də yeni avadanlıqlarla təchiz edilən xəstəxana insanların rahat şəkildə müayinə və müalicəsinə imkan verəcək.

Akademik Zülfüqar Məmmədov adına Xəstəxana artıq 40 ilə yaxındır Gəncə və ətraf rayonların sakinlərinə xidmət edir. Fəaliyyət göstərdiyi bu müddət ərzində xəstəxanada dəfələrlə cari təmir işləri aparılıb. Ancaq müasir tibbi xidmət üçün bu, yetərli olmayıb. Elə bunu nəzərə alınaraq aprel ayından xəstəxanada əsaslı təmir işlərinə başlanılıb. Artıq 70 çarpayılıq cərrahiyyə şöbəsinin təmiri başa çatıb, 2 korpusda isə işlər davam edir.

Bura xəstəxananın reanimasiya şöbəsidir. Bu şöbədə də əsaslı təmir işləri aparılıb. Şöbə bütün müasir avadanlıqlarla təchiz edilib. Bir neçə gündən sonra şöbənin istifadəyə verilməsi nəzərdə tutulur.

10 çarpayılıq reanimasiya şöbəsində də xəstələrin qəbulu, müalicəsi üçün hər cür şərait yaradılıb. Müasir tibbi avadanlıqlar, monitorlar quraşdırılıb. Xəstəxananın birinci mərtəbəsində yeni yaradılan poliklinika və admistrativ şöbələrdə də təmir işləri aparılır. Laboratoriya yenilənir. Tibb müəssisəsi istilik sistemi ilə təmin olunur. İşlərin iyun ayının ortalarına kimi başa çatdırılması nəzərdə tutulur. 

Azad Quliyev- baş həkim: “Xəstəxanamızda təmir işlərinə start verilib. Müəyyən işlər görülüb. Tamamlanma işlərinə az qalıb. Həm MRT (Maqnit Rezonans Tomoqrafiya), həm KT (Kompüter Tomoqrafiya) qurulub. Əməliyyat alətlərimiz, avadanlıqlarımız, narkoz aparatlarımız, reanimasiya şöbəsi monitorlarla təmin olunub. Bu da işimizin keyfiyyətinə müsbət təsir edəcəkdir”.

Xəstəxananın təmir edilməsi uzun müddətdir şəraitsizlikdən əziyyət çəkən həkimlərin işini asanlaşdırıb. İndi müayinə və müalicəni günün tələbləri səviyyəsində aparmaq mümkündür.

Mirqalib Seyidov- həkim: “Bir müddət əvvəl xəstəxanamız bərbad vəziyyətdə idi. Bir neçə şöbə bir yerdə işləyirdi. Bu da bizim işə çox çətinlik yaradırdı. Hazırda dövlətimizin qayğısı ilə binalarımız yenidən təmir olunur. Bizim təcili şöbəmiz çox yaxşı vəziyyətdədir və standartlara uyğundur”.

120 çarpayılıq xəstəxananın xidmətlərindən gün ərzində Gəncə və ətraf rayonlardan ümumilikdə 300-ə yaxın sakin istifadə edir.

Elnur Vahidoğlu