• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1939
— 30.05.2023 20:17

Yəhudi icması Azərbaycanın müasir inkişafına töhfələr verir

KepezTV Player

İsrailin müasir müdafiə sənayesi avadanlıqları bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir. Bu sözləri Azərbaycan prezidenti İllam Əliyev İsraili həmkarı İsxaq Hersoqla mətbuata bəyanatında səsləndirib. Dövlət başçısı Azərbaycandakı yəhudi icmasını ölkəmizin sərvəti adlandırıb. İsraillə Azərbaycan arasındakı əlaqələrin qarşıdakı illərdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

İsrailin müasir müdafiə sənayesi məhsulları Azərbaycana öz milli maraqlarını və ərazi bütövlüyünü qorumağa yardım edir. Prezident İlham Əliyevin sözlərinə görə, bu sahədə əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Təhdidlərdən danışarkən, həmçinin müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı məmnuniyyətlə qeyd etmək istəyirəm. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır”.

Azərbaycan vətəndaşları olan yəhudi icmasının nümayəndələri ölkəmizin müasir inkişafına böyük töhfələr vermiş və verməkdə davam etməkdədirlər. Dövlət başçısı yəhudi icmasını ölkəmiz üçün sərvət adlandırıb.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar. Bu gün bu, təkcə Azərbaycanın uğurlu inkişafı, mədəniyyətlərarası sülh və dostluq üçün yox, eyni zamanda, bizim ikitərəfli münasibətlərimiz üçün mühüm amildir”.

Dövlət başçısı İsraildə yaşayan azərbaycanlıların ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynadıqlarını da diqqət çəkib.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Müstəqil ölkə olaraq Azərbaycanın, sadəcə, 31 yaşı var, lakin bizim qədim tariximiz var. Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşdur, bu gün də belə olmağa davam edirlər. Beləliklə, bu, ölkələrimiz arasında, belə deyək, mədəni körpülərdir. Buna görə onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir”.

İsrail prezidenti İsaq Hersoq isə diqqəti iki ölkə arasında əlaqələrə yönəldib. Bildirib ki, səfər bu baxımından böyük əhəmiyyət kəsb edir. 

İsxak Hersoq- İsrail Dövlətinin Prezidenti: “Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm. Siz mənə Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, sözsüz ki, bizimlə əlaqəli Yaxın Şərqə təsiri barədə danışdınız. Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik”.

Dövlət başçıları səfərin iki ölkə arasında əlaqələrin inkişafı baxımından yeni mərhələnin başlamasına tövfə verəcəyinə əminliklərini ifadə ediblər. 

Fərid Mehdiyev